Tovuzda zəhərlənmə hadisəsi baş verib. Hadisə rayonun Azaflı kəndində qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini 2008-ci il təvəllüdlü F.Ə. (ad şərtidir) huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal yeniyetmə qıza yardım edilib, vəziyyətinin kafinin kafi olduğu bildirilir.
Məlumata görə F.Ə. toyda alkoqollu içkidən zəhərlənərək şoka düşüb. Faktla bağlı araşdırma aparılır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında bildirdi ki, Tovuz bölgəsində spirtli içkilər daha çox kustar üsulla hazırlanır:
"Əmtəə bazarında prestijli restoranlardakı ən bahalı içkilərin əslində saxta olduğunu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayyətlərə Qarşı Mübarizə İdarəsi tətqiqat apararaq içtimaiyyiləşdirib. Ümumiyyətlə spirtli içkilərin butulkaları atılmır, içərisinə mayelər doldurularaq vətəndaşlara satılır. Bu sahədə ciddi problemlər hələ də davam edir. Daxili İşlər Nazirliyinin vaxtaşırı zirzəmilərdə və başqa ərazilərdə saxta içkilərin hazırlanması ilə bağlı tətqiqatları olur. Ölkənin əmtəə bazarında insan sağlamlığı üçün təhlükəli spirtli içkilər satılır. Vətəndaşlar ilk növbədə bu məhsulları alarkən istifadə müddətinə diqqət etməlidirlər. Yerli əhali arasında belə fikir formalaşır ki, evdə hazırlanmış içkilər daha təmizdir. Ancaq bu düşüncə yanlışdır. Çox təəssüflər olsun ki, valideynlər toylarda, bayramlarda azyaşlı uşaqlara spirtli içki verirlər. Belə hallar daha çox Tovuz-Qazax bölgələrində müşahidə edilir. Ümumiyyətlə, valideynlər övladlarının yanında alkaqollu içkilər qəbul etməməlidir. Müsəlman süfrəsində spirtli içki qadağan olunur. Düşünürəm ki, məktəblər bu istiqamətdə ciddi təbliğat aparmalıdır. Dərsdən sonra əlavə məşğələlərdən birini qidaya həsr etmək olar. Məsələn, yeni səyahət etdiyim ölkələrdən biri olan Manilada rəsm və qida ilə bağlı məşğələlər mövcuddur. Ünsiyyətdə olduğum 7-ci sinif şagirdi qidalarla bağlı bir çox bilgiyə malik idi".