“Şəhər sakinlər üçün olmalıdır”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Anar Rzayev deyib.
Anar Rzayev qeyd edib ki, il ərzində Bakı şəhərində təxminən iki milyard səfər həyata keçirilir:
“Bunların yalnız 28%-i ictimai nəqliyyatın, 52 faizi isə fərdi avtomobillərin və taksilərin payına düşür. Burada da fərdi nəqliyyat vasitələrinin sayı yarıdan azdır. 2025-ci ilədək ictimai nəqliyyatla daşınmanı 300 milyon səfərə çatdırmalıyıq”.
O diqqətə çatdırıb ki, məktəb avtobuslarının tətbiqi çox müzakirə olunurdu, amma hazırda bunun tətbiqi çox çətindir.
Məsələ ilə bağlı "Sherg.az"a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi ilə Təhsil Nazirliyi arasında bir neçə il bundan öncə məktəb avtobusları ilə bağlı müzakirələr aparılıb:
"Həmin vaxt da bildirildi ki, danışıqlar gedir. Lakin mövzu gündəmdən düşdü və heç bir addım atılmadı. Bu avtobusların təşkili hər məktəbin şagirdlərə verdiyi dəyərdən irəli gəlir. Həmçinin, bu təhlükəsizliyin qorunması baxımından önəmlidir. Özəl məktəblərin əksəriyyətində avtobuslar mövcuddur. Yəni, sözügedən praktika çoxdan var. Xarici ölkələrdə isə özəl və dövlət fərqi yoxdur, bütün məktəblərdə şagirdlər avtobuslarla təmin olunub".