Zaminin məsuliyyətinə dair yeni hal müəyyənləşir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Zaminlik müqaviləsi ilə təmin edilmiş öhdəlik üzrə zamin subsidar məsuliyyəti nəzərdə tutulduğu halda, zaminin məsuliyyəti borclunun öldüyü gündən mirasın qəbul edildiyi günədək müddətdə dayandırılacaq.
Borclunun ölümünün öhdəliyə xitam vermədiyini söyləyən iqtisadçı ekspert Xalid Kərimli "Sherg.az"a bildirib ki, yaranan şəraitdən asılı olmayaraq, borc verən pulunu geri almalıdır:
"Əgər borc götürən vəfat edibsə, onun əmlakının olduğunu unutmamalıyıq. Varisin qalan əmlaklardan istifadə etmək hüququ var. Ola bilsin ki, həmin şəxs kredit götürərək həmin əmlaklara sahib olub. Yeni qərar zaminə vəziyyəti yüngülləşdirmək üçün vaxt verir. Dəyişikliyə əsasən, vəfat etmiş şəxsin miras bölüşdürülənə qədər zaminlik öhdəlikləri dayandırılır. Zamin duran şəxs bilməlidir ki, borc götürən adamla eyni məsuliyyəti daşımalı olacaq. Məsələn, borc ödənmədikdə zamin bu prossesi həyata keçirməlidir. Varislər mirasa yiyələnirsə, öhdəlikləri də daşımalıdırlar. Bu zaminin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş məqsədəuyğun bir qərardır. Çünki miras bölüşdürüldükdən sonra varislər borcu ödəməli olacaqlar".