Mədəniyyət sahəsinin ÜDM-də payı 0,56 % təşkil edir. Dövlət büdcəsi xərclərinin 1,3 %-dən az hissəsini mədəniyyət xərclərinin payına düşür. Bu da mədəniyyət sahəsində ciddi dönüş yaratmağa imkan vermir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa deyib.
“Mədəni irsin qorunması istiqamətində mühüm işlər görülüb, amma mədəniyyət müəssisələrinin olmaması ölkədə narkomanlığın, cinayətin artmasının ən böyük səbəblərindən biridir”, - o bildirib.
Deputat şəhid ailələri, qazilər və müharibə veteranlarının problemlərini sadalayıb: “DOST mərkəzlərinin göstərdiyi xidmət sayı azdır. 486 min nəfərə iş yeri açıldığı qeyd olunur. İşə düzəldirlər və bir il sonra çağırırlar ki, müqavilənin müddəti bitib, yerinə başqa adamı götürürlər".
Məsələni dəyərləndirən Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov "Sherg.az"a söyləyib ki, Dost Mərkəzində ictimaiyyətlə əlaqələndirmə mərkəzləri mövcuddur:
"Onlar isə şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə xidmət göstərirlər. Saytda da xidmətin növləri qeyd olunub. İctimai işlə təmin edilmə müəyyən müddət ərzində nəzərdə tutulub. Ancaq bu zaman kəsiyində həmin şəxslər başqa iş tapmalı, aktiv məşğulluq proqramlarına qoşulmalıdırlar. Bir sözlə, "Dost" mərkəzləri iş yeri yaratmır. Sadəcə olaraq ictimai işlər çərçivəsində limitlə işə qəbul elan edir. Dövlət Məşğulluq Agentliyi işlə təmin olunma ilə məşğuldur. Burada əməkhaqqı az olduğuna görə, həmin şəxslər narazı qalırlar. Əlavə olaraq, müraciət edənlərə ixtisassız işlər təqdim olunduqda bu təklifdən imtina edirlər".