Qohumla evlilik: Valideynlər övladlarına təzyiq etməməlidirlər

Bir neçə gündür ki, Azərbaycanda qohum evliliyinin qadağan olunması ilə bağlı fikirlər irəli sürülür. Bəzi şəxslər bunun normal olduğunu düşünsə də, elə adamlar da var ki, qohum evliliyini qəti şəkildə qınayırlar. Hətta bildirirlər ki, əsas günahkar analardır. Çünki onlar yad qızını evində saxlayıb, ona çörək vermək əvəzinə doğma bacı-qardaşı qızını gəlin olaraq seçirlər. Bəs bu iddialar nə dərəcədə doğrudur? Həqiqətənmi analar övladlarının taleyi ilə oynayırlar?
 
Məsələ ilə bağlı danışan QHT nümayəndəsi, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Fədai “Sherg.az”a söyləyib ki, qohum evliliyinə səbəb olan məqamlar ailə, nəsil ənənələrinin, bağlarının davam etdirilməsi, möhkəmləndirilməsi istəyindən və ictimai inamsızlıqdan doğur:
"Hələ yetərli həyat təcrübəsi və özgüvən sahibi olmayan, tam olaraq şəxsiyyət kimi formalaşa bilməyən şəxs sosial təzyiq və  ailənin istəkləri qarşısında iradə və qətiyyət sərgiləyə bilməyərək qohum evliliyi edir. Ancaq heç bir halda həyatımızın ən önəmli seçimini edərkən müdaxilə və təsir olmamalıdır. Təbii ki, valideynlərin fikir və tövsiyələri hər zaman gərəklidir, ancaq bu, hökm, əmr şəklində olmamalı, gənclər hər hansı ittiham qarşısında qalmamalıdır. Məncə, qohumlar arasında evliliyin yaratdığı sağlamlıq problemləri, genetik xəstəliklər, eləcə də psixoloji problemlər barədə maarifləndirmə işləri daha geniş vüsət almalı və bu barədə təməl bilgilər məhz uşaqlıqdan aşılanmalıdır. Uşaqlar üçün yazılan əsərlərdə, çəkilən cizgi film və filmlər, hazırlanan tamaşalar vasitəsilə sətiraltı mesajlar ötürülməli, sağlam düşüncə formalaşdırılmalıdır. Daha sonra orta məktəb və ali məktəb proqramları, həyata keçirilən tədbirlər planı, kurslar vasitəsilə bu fikirlər daha da möhkəmləndirilməlidir".                                                                            

S.Fədai vurğulayıb ki, maarifləndirmə prosesində ziyalılar, psixoloqlar, sosioloqlar, müəllimlər, vətəndaş cəmiyyətinin nümayəndələri, yazıçılar önəmli rol almalıdırlar:                                                                                                                              
"Ən əsası, ailədaxili münasibətlərin sağlam formalaşması, ailə içində şəxslərin bir-birini dinləməsi, mədəni və sayğılı şəkildə kommunikasiyanın qurulması üçün təbliğat aparmaq lazımdır. Hər kəs öz fikirlərini və arzularını, seçimlərini rahatlıqla ifadə edəbilmə azadlığına və şəraitinə sahib olmalıdır. Sevgi, sayğı, dəyərlər üzərində qurulmayan evliliyin təməli sağlam, ömrü uzun olmur. Şüurlu şəkildə dünyaya xəstəliyi və əlilliyi olan uşaq gətirmək riskini qəbul etmək cəhalət və məsuliyyətsizlikdir".

 Azərbaycan filosofu, sosioloq, pedaqoq, fəlsəfə doktoru Mail Yaqub isə əksini iddia edərək qeyd edir ki, qohum evliliklərinin qəti qadağan olunmasının tərafdarı deyiləm:
 
"Çünki qohum evliliyində tərəflər bir-birini həqiqətən sevə və fikirləri uyuşa bilər. Belə hallarda mütləq tibbi yoxlanışdan keçmək lazımdır. Doğrudur, bəzi evliliklərdə valideyn müdaxiləsi yaranır. Gənclər seçim edərkən valideynlərin deyil, öz istədikləri ilə evlənməlidirlər".