İlahiyyatçıdan ŞOK TƏKLİF: Onlayn ehsana keçmək lazımdır 

Azərbaycanda daha bir kənddə yas mərasimində yemək verilməməsi qərara alınıb.
 Şəki rayonunun Şirinbulaq kənd camaatının ümumi qərarı ilə bundan sonra yas mərasimlərində yemək verilməyəcək.
Həmçinin Şəkinin Böyük Dəhnə, Kiçik Dəhnə və Oxud kəndlərində də artıq yaslarda yemək verilməsi adətinin tədricən aradan qalxdığını bildiriblər.
 Hətta qeyd edilib ki, artıq bir neçə ildir Şəkinin Orta Zəyzid kəndində bu qayda tətbiq olunur.
Xatırladaq ki, daha əvvəl də Naxçıvanın Mahmudkənd və Culfa rayonunun Camaldın kəndinin sakinləri yas mərasimlərində yemək verilməsini dayandırıblar.
 Bunu israfçılıq hesab edən kənd sakinləri Camaldın kəndində yas mərasimlərində yalnız çay süfrəsi olacağını bildiriblər.
Maraqlıdır, dini cəhətdən yas mərasimində ehsan verilməsi vacibdir?

Məsələni dəyərləndirən ilahiyyatçı Tural İrfan “Sherg.az”a açıqlamasında bildirib ki, ehsan süfrələrinin məhdudlaşdırılması haqqında illərdir müzakirələr aparılır:
“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməli iş aparır, lakin bəzi işbaz "ruhanilər", ara mollaları və xurafata, xarici təsirlərə meylli adamlar israfçılığın qarşısını almağa imkan vermir. Naxçıvanda bir müddət əvvəl Şərurun Mahmudkənd kəndində yasda yemək verilməsini ləğv etdilər. İndi də Şəkidə bunun növbəti nümunəsini görməkdən şad oldum. Yaxşı olar ki, başqa rayonların ağsaqqalları da bu işlərə rəvac verib təmtəraqlı, şan-şöhrətli, israfçı yas mərasimlərini ləğv etsinlər. Bunun mənfi tərəflərindən çox danışmışıq. Bu adət kasıbın belini sındırmaqdır. Qarda, çovğunda düş dağa - daşa ki, ətlik dana axtarıram, nədir camaatı gəlib doyunca yesin üstündən də bir siqaret yandırıb getsin. Budur ehsan? Dinimizdə belə şeylər yoxdur. Yası düşən hüzn sahibinə əksinə camaat ət, yağ, ərzaq, pul aparıb verməlidir. Özləri də oturub yemək gözləməməlidir. Yas yeri yemək yeri deyil. Camaatı maarifləndirmək lazımdır. Bunu da ağsaqqallar, icra nümayəndələri, bələdiyyələr, din xadimləri etməlidir. Ancaq niyə etmirlər? Çünki məmurlar özləri də yaxınları öləndə təmtəraqlı ehsanlar verirlər. Bu Bir növü alverdir. Yəni belə edir ki, özü gedib pul yazdırdığı məmurlar da gəlib əvəzini ödəsinlər. Ancaq din xadimləri də etmir ki, özləri də orada aş, bozbaş, halva yeyib kəmərin altını bərkidirlər.. Ölü üçün dəfnin üç günlüyündə çay, xurma, limon vermək kifayətdir. Bir də uzaqdan gələnlər, yaşlılar, uşaqlar, dərman içənlər üçün yüngülvari nahar vermək olar. O da ölü sahibi özü almamalıdır. Qarnını qabağa verib yasa yeməyə gələnlər etməlidir. Gələnlər hərəsi avtomobilin yük yerini doldurub gətirməlidir ki, yas sahibinin başı qarışıq olduğu üçün istifadə etsin ailəsi, qonaqları üçün. Yoxsa gedib onu ziyana salmaq günahdır ”.

T.İrfan təklif edib ki, yavaş-yavaş onlayn ehsana keçmək lazımdır:
“Məsələn, uzaq rayonda vəfat edən qohumlar üçün gərək mütləq Bakıdan gedəsən. Bunun da ölüyə də heç bir faydası yoxdur. Ondansa ölü sahibinin adına kart açılsın və uzaqdakı qohumlar, yaxınlar, xarici ölkədə olanlar, üzrlü səbəbdən gələ bilməyənlər o karta müəyyən dəstək, ianə, vəsait toplayıb atsınlar. Bununla da həmin şəxs nə bir neçə gün işindən - gücündən olar, nə də ki narazı qalar. Ölünü dəfn etmək üçün müəyyən yaxın adamlar olsa kifayətdir, toplaşıb qaraküy yaratmağa lüzum yoxdur. Arvadların ağlaşma məclisi də ləğv edilməlidir. Bu da doğru adət deyil. Bir sözlə çoxlu xurafat və mövhumata qarışan adətlər var ki, tədricən ləğv edilməlidir ”.