Bizim nənələrimiz və analarımız üçün uşağı bələmək taktikası əsas qaydalardan biri olub. Ancaq müasir dövrdə bunun əksini düşünənlər də var. Bələmə əleyhdarları əmindirlər ki,uşaq geyimdə normal hərəkət edə bilir. Sərbəst hərəkət zamanı isə daha sürətli inkişaf mümkündür.
Bəs tibbi cəhətdən yenidoğulmuş uşağı bələmək olar?
Mövzu ilə bağlı suallarımızı cavablandıran Pediatr Nigar Abdullayeva “Sherg.az”a bildirib ki, körpələrin düm-düz və çox sıx şəkildə bələnməsinin bir sıra fəsadları mövcuddur:
"Bu bud-çanaq çıxığına meyli artırır. Həmçinin bədən temperaturunu yüksəldir, bədəndə müxtəlif səpgilər yaranmasına səbəb olur. Eyni zamanda tənəffüs hərəkətlərini məhdudlaşdır ki, bu zaman yuxarı və aşağı tənəffüs yolu infeksiyalarına daha sıx rastlanır. Bir çox valideynlər düşünürlər ki, onlar körpəni sıx, möhkəm şəkildə bələsələr gələcəkdə onun ayaqları, onurğası duz olacaq. Lakin bu fikir tamamilə yanlışdır.Bələməyin körpə üçün faydaları var. Körpə daha tez, rahat yuxuya gedir. Diksinmələr səbəbi ilə yuxudan tez-tez ayılmır. Qolların sarılması körpələrdə görülən Moro refleksi deyilən sıçrayış tərzindəki hərəkətləri azaltdığı üçün diksinərək tez oyanmağı da maneə törədir və yuxu keyfiyyətini artırır. Nəticədə uşaq daha az ağlayır. Qeyd olunan zərərləri və faydaları nəzərə alaraq yarım qundaq deyilən əl, qalça və qıçları çox sıxmayıb, təbii mövqesində qalmasına icazə verən, gövdənin üst qisimini daha möhkəm saran bələmə tövsiyyə olunur.Bələnən körpə mütləq arxası üstə yatızdırılmalıdır, üzü üstə böyrü üstə yatızdırmaq olmaz. Bələmə üçün istifadə edəcəyiniz örtünün, mümkün qədər tərlətməyən, təbii materialdan hazırlanmış olmasına diqqət göstərməlisiniz ".