Asəf Əliyev: Azərbaycan gəncləri Çanaqqala, Qarabağ zəfərindən örnək alır

Gənc nəslin milli-mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Türk əsgəri çox dastanlar yazıb 

“Kimsənin tariximizin şərəf, ləyaqət dolu səhifələrini unutmaq haqqı yoxdur”

  
Çanaqqala zəfərinin 109-cu ildönümü təkcə qardaş Türkiyədə deyil, ölkəmizdə də təntənə ilə qeyd edilib. Bu zəfərin tarixin sonrakı dönəmlərində Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirdiyi və gənc nəslə misilsiz örnək olması danılmazdır.  Bu gün Azərbaycan gəncləri Qarabağın kəşməkeşli taleyini öyrənərkən, Vətən uğrunda canını fəda etmiş şəhidlərimizdən, 44 günlük Vətən müharibəsinin şanlı dastanından necə ilham alırsa, Çanaqqala zəfəri də onlara eynilə ruh yüksəkliyi gətirir. Türk xalqlarının tarixindəki şərəfli səhifələr gənclərimizin milli ruhda, vətənpərvər gənc kimi yetişmələrində əvəzsiz xidmət göstərir. Bir neçə gündür ki, Çanaqqala zəfərinin 109-cu ildönümü münasibətilə hərbi hissələrdə, eləcə də tədris ocaqlarında müxtəlif tədbirlər keçirilib. Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfəri qeyd edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, tədbirlərdə Müdafiə Nazirliyi və Milli Müdafiə Universitetinin nümayəndələri, hərbi qulluqçular, kursantlar, xüsusi təyinatlı təhsil müəssisələrinin professor-müəllim heyəti, eləcə də digər qonaqlar iştirak ediblər. Əvvəlcə Ulu Öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, Çanaqqala savaşında, eləcə də hər iki ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan və Türkiyə respublikalarının Dövlət Himnləri səsləndirilib. Tədbirlərdə 109 il əvvəl Çanaqqalada qəhrəman millətimizin böyük bir tarix yazmasından, bu savaşın hərb tarixinin şərəfli səhifələrindən birinə çevrilməsindən, Azərbaycan igid və mərd oğullarının Anadoluda, Çanaqqalada türk qardaşları ilə birlikdə şücaət nümunələri göstərməsindən danışılıb, bu haqq savaşında şəhid olan qəhrəmanlarımızın xatirələrinin daim qəlblərdə yaşayacağı xüsusi vurğulanıb. Qeyd olunub ki, iki qardaş ölkənin birlik və bərabərliyinin bariz nümunələrindən biri də Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyinə Türkiyənin bütün imkanları ilə öz mənəvi dəstəyini göstərməsidir. Bildirilib ki, Azərbaycan və Türkiyə qardaşlığı Ulu Öndərlər Heydər Əliyevin “Bir millət iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” ideyasına sadiq olaraq sarsılmaz və əbədi təməllər üzərində qurulub. Sonra Çanaqqala zəfərinin 109-cu ildönümünə həsr olunan videoçarx nümayiş etdirilib. Tədbirdə vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, hərbi orkestrlərin müşayiəti ilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər ifa olunub. 
  Abşeron rayonunda da Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar əvvəlcə rayonun Digah kəndi ərazisində yerləşən Türk şəhidlərinin uyuduğu Xatirə Kompleksini ziyarət edib, məzarları önünə tər çiçəklər düzərək xatirələrini ehtiramla yad ediblər. Daha sonra Abşeron Mədəniyyət Evində davam etdirilən tədbirdə əvvəlcə Bakı Türk Anadolu liseyinin tələbələrinin və abşeronlu məktəblilərin sərgiləndiyi rəsmlərə, gənclərin əl işlərinə baxış olub. Tədbir iştirakçıları çıxış edərək Çanaqqala döyüşünün türk tarixinin ən parlaq zəfərlərindən olduğunu qeyd ediblər. Bildirib ki, azərbaycanlılar hər zaman olduğu kimi Çanaqqala savaşında da qardaşlarına yardıma getmiş və onlarla birgə qəhrəmancasına döyüşmüşlər. Qeyd edilib ki, Türkiyə-Azərbaycan qardaşlığı daimi, əbədi və sarsılmazdır. Tədbirdə  Çanaqqala döyüşünə həsr olunmuş səhnəcik nümayiş olunub, mahnılar səsləndirilib. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı düzənlənən tədbirə görə təşəkkür edərək bildirib ki, Çanaqqaladakı zəfər Türkiyənin Qurtuluş savaşı üçün ilham qaynağı olub. Cahit Bağçı azərbaycanlıların Çanaqqala savaşına qatılmasını xüsusi vurğulayaraq qeyd edib ki, Azərbaycandan gələn qardaşlarımız canları bahasına mübarizəmizə dəstək olublar. “Çanaqqala cəbhəsində azərbaycanlı qardaşlarımızla birgə, çiyin-çiyinə və fədakarcasına düşmənə qarşı savaşmışıq. Bu gün Azərbaycan şəhidləri Çanaqqalada, Qafqaz İslam Ordusunun tərkibində bura gələn və Azərbaycanın azadlığı uğrunda şəhid olan türk şəhidləri isə Azərbaycanın müxtəlif bölgələrində uyuyurlar", – deyə səfir bildirib. Tədbirdə Çanaqqala savaşlarını əks etdirən “Bir Vətəndir Canaqqala” filmi nümayış olunub. Bakı Türk Anadolu liseyinin şagirdlərinin hazırladığı “Bir dastandır Çanaqqala” adlı bədii proqram təqdim edilib. Şagirdlər səhnəciklərdə türklərin tarix boyu qəhrəman və mübariz xalq olduğunu, igid məhmətçiklərin şücaətini məharətlə göstəriblər.
  
Türk tarixindəki şanlı qəhrəmanlıq dastanlarının gənc nəslə çatdırılmasında bu cür tədbirlərin böyük əhəmiyyət daşıdığını söyləyən Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev qeyd etdi ki, Qarabağ qaziləri Çanaqqala zəfərinin 109-cu ildönümünü qeyd ediblər: 

- Çanaqqala zəfəri də, Qarabağ müharibəsi də gənclərə əsl qəhrəmanlıq və vətənpərvərlik dastanıdır. Biz özümüz də, Qarabağ müharibəsi döyüşçüləri olaraq Çanaqqala zəfərini qeyd etdik. Bu cür qəhrəmanlıq dastanları unudulmamalıdır.  Türk əsgəri çox dastanlar yazıb. Çanaqqala savaşları, əldə olunan zəfər türkün düşmənə 1 qarış torpaq verməyəcəyini, Vətənini son damla qanınadək qoruyacağına misilsiz bir örnəkdir.  Eləcə də biz – Azərbaycan türkləri düşmənə sübut edirdik ki, torpağımızı heç vaxt güzəştə getməyəcəyik. 1992-ci ildən başlanan aktiv döyüşlər zamanı düşmən Azərbaycan əsgərinin şücaətini gördü. Bircə Natiq Qasımovu xatırlatmaq yetərlidir. Günlərlə ac-susuz, bir köhnə kilsənin içində erməni separatçılarına qarşı təkbaşına döyüşmüşdü Natiq. Xocalı əsirləri öldürülməsin deyə, təslim olmağa razılaşıb, kilsədən də əlində Azərbaycan bayrağı ilə çıxıb. Canını təslim edib, amma bayrağı düşmənə təslim etməyib. Əsl qəhrəmanlıq budur. Dünya tarixində bu cür hadisələrə nadir rastlanır. 44 günlük Vətən müharibəsində də Azərbaycan əsgəri bir daha sübut etdi ki, Vətən müqəddəsdir və onun uğrunda canından keçməyə hazır oğullar milyonlarladır. Çanaqqala savaşında türk əsgərləri mərdliklə döyüşüblər. Hətta düşmən ordularının yaralı əsgərlərinə də yardım ediblər. Türkiyənin deyil, dünya hərb tarixinə də ən böyük döyüşlərdən biri kimi daxil olan Çanaqqala savaşının türk tarixinin şərəf nöqtəsi, qürur, qəhrəmanlıq və Zəfər dastanıdır. Hansı xalqın tarixində belə bir şərəfli səhifə var?!. Bizim öhdəmizə düşən tariximizdəki şanlı qəhrəmanlıq səhifələrini gənclərə anlatmaqdır. Gənclərimiz belə qəhrəmanlardan örnək almalıdırlar. Vətəni sevməyi, onun uğrunda şəhid, qazi olmağı onlardan öyrənməlidirlər. Müsbət haldır ki, Çanaqqala savaşı ölkəmizdə layiqincə qeyd edilib. Kimsənin tariximizin şərəf, ləyaqət dolu səhifələrini unutmaq haqqı yoxdur. 44 günlük Vətən müharibəsində biz qazilər cəbhə bölgələrində, hərbi hisslərdə olurduq, gənc əsgərlərə müharibə tariximizi, Qarabağ uğrunda ölüm-dirim savaşlarımızdan danışırdıq. Gənclər bunları bilməlidir. Bilməlidirlər ki, Vətən heç bir şeylə müqayisə edilməzdir.  Vətəni sevməli və onu qorumalıdırlar.