Gec-tez “ilişəcəklər”
“Ondansa, təlimlərə qatılsınlar, rəsmi şəkildə sertifikat əldə etsinlər, rahat da işləsinlər”
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi saxta vəsiqə alan taksi sürücülərinə xəbərdarlıq edib. Xəbərdarlıqda qeyd edilir ki, son günlər taksi minik avtomobillərinin sürücülərinə xüsusi hazırlıq keçmələri barədə təlimlərdə iştirak etmədən müəyyən ödəniş müqabilində şəhadətnamələrin verilməsi ilə bağlı müraciətlər daxil olur. Lakin taksi sürücüləri bilməlidir ki, bilik və bacarıqların təkmilləşdirilməsi məqsədi daşıyan təlimlərdə əyani iştirak mütləqdir. Xüsusi hazırlığı müvəffəqiyyətlə bitirən sürücülərə verilən şəhadətnamələr isə elektron sistemdə saxlanılır. Orijinal şəhadətnamənin QR kodu ayna.empro.az saytına yönləndirilir və bu zaman şəhadətnamənin elektron forması göstərilir. QR kodun oxudulması zamanı sənədin saxtalığı müəyyən edilə bilir. Taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartının verilməsi zamanı şəhadətnamənin həqiqiliyi yoxlanılacaq. Rəsmi sənədlərin saxtalaşdırılması cinayət tərkibi yaradan haldır.
Məsələ ilə bağlı “Sherg.az”a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov qeyd etdi ki, burada söhbət rüşvətdən yox, dələduzluqdan gedir:
- Bir qrup şəxs saxta sertifikat verir, AYNA da xəbərdarlıq edir ki, sürücülərə AYNA tərəfindən təqdim olunan şəhadətnamələr elektron sistemə daxil edilir, yəni sənədin həqiqi və ya saxta olduğunu aydınlaşdırmaq mümkündür. Sənədi saxtalaşdıranlar, eləcə də saxta sənəd alanlar məsuliyyətə cəlb ediləcək.
E.Cəfərov qeyd etdi ki, taksi xidmətində fəaliyyətlə bağlı xüsusi tələblər var:
- Bu tələblər Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Tələblər taksi operatorlarını, taksi xidmətiylə fərdi məşğul olan şəxsləri əhatə edir. Taksi fəaliyyətiylə məşğul olanlar həm özləri üçün, həm də idarə etdikləri avtomobil vasitəsi üçün buraxılış vəsiqəsi almalıdır. Bunun üçün də təlimlərdə iştirakını təsdiqləyən sertifikat təqdim etməlidir. Sertifikat təqdim ediləndə, əgər saxtadırsa bilinəcək. Və o şəxslər taksi fəaliyyəti ilə məşğul ola bilməyəcəklər. AYNA-nın təlimlərinə qatılmaq və rəsmi sertifikat almaq vacibdir. Kimsə saxta yolla sertifikat əldə edir, buna görə müəyyən ödəniş edir. Ondansa, təlimlərə qatılsınlar, rəsmi şəkildə sertifikat əldə etsinlər, rahat da işləsinlər.