Şıx-Əli Qurbanovun bayram şamları: Gülnar Şıx-Əli qızının “Bahar…” layihəsi 

Novruz bayramı günlərində Şıx-Əli Qurbanovu yad etmək ənənə deyil, vəfa borcudur. Nə xoş bizlərə ki, vəfa və sədaqət borcumuzu ödəməli olduğumuzun fərqindəyik. Və yenə də, xalqımız üçün bu əziz, mübarək günlərdə Şıx-Əli Qurbanovu yad edib, ruhuna rəhmət diləyirik. Sovet imperiyasının zülmündən, işgəncəsindən çəkinməyib, hər cür mümkün təhlükələri göz önünə alıb, xalqına milli bayramını ərməğan edən insana, xalqının onu daim yad edib, sayğıyla, sevgiylə anması düşər. 
Şıx-Əli Qurbanov ömrünü xalq yolunda fəda etdisə, onun övladlarına ana, bacı, qardaş, yeri gəlsə hətta övlad olmaq da bizim vəzifəmizdir. Şəxsən mən bunu özümə borc bilirəm və Novruz günlərində mütləq Qurbanovlar ailəsini bayram münasibətiylə təbrik edirəm. Bu il də istisna olmadı. Gülnar xanıma – Şıx-Əli Qurbanovun qızına zəng etdim.  
Xatırladım ki, Gülnar Şıx-Əli qızı Qurbanova Azərbaycanın Xalq Deputatı (1990-1995), Milli Məclisin (1993-2000) və İnsan hüquqları Daimi Komissiyasının üzvü, Sankt-Peterburqda yerləşən Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının Sosial siyasət və insan hüquqları Daimi Komissiyasının sədr müavini, Müsəlman Ölkələri Qadın Parlament Üzvləri Təşkilatının Şura üzvü və Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi səmərəli fəaliyyət göstərib. Gülnar xanım fəlsəfə doktorudur. Musiqi təhsili alıb. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsini Fərqləmə Diplomla bitirib. 
Gülnar xanımın musiqi təhsili aldığını təsadüfən xatırlatmadım. Onunla bayramlaşdığım zaman çox maraqlı məlumat əldə etdim. Məlum oldu ki, Gülnar xanım maraqlı bir layihəni tamamlayıb. Layihə «Gülnar Şıx-Əli qızının «Bahar» Yenilənmə layihəsi» adlanır. 
Layihənin məqsədi illər əvvəl – ötən əsrin 40-60-cı illərində məşhur bəstəkarlarımız tərəfindən bəstələnmiş bir çox mahnıya yeni nəfəs verilməsindən ibarətdir.     
Gülnar xanım layihə haqqında bunları söylədi: 
– Son vaxtlar əvvəllər olduğu kimi ədəbi yaradıcılıqla məşğulam. Bu sahədə əldə etdyim bir sıra nəticələri sizinlə bölüşmək istəyirəm. 
Mən musiqimizin tarixinə nəzər salıb, gördüm ki, Azərbaycanın görkəmli bəstəkarlarının bir çox gözəl mahnıları illərdir ki, səslənmir, rəflərdə qalıb. Səbəb o mahnıların mətnlərinin rus dilində olmasıdır. Mən o mahnıları topladım, üzərlərində işlədim. Ümumilikdə 20 mahnıya Azərbaycan dilində yeni mətnlər yazdım. Beləliklə, «Gülnar Şıx-Əli qızının «Bahar» Yenilənmə layihəsi» dünyaya gəldi. 
Mahnılar Azərbaycan musiqi tarixində dərin iz qoymuş bəstəkarlarımız Tofiq Quliyev, Rauf Hacıyev, Andrey Babayev və Tofiq Babayevə məxsusdur. Layihədə Tofiq Quliyevin 10 mahnısı, Rauf Hacıyevin – 4, Andrey Babayevin – 3, Tofiq Babayevin – 3 mahnısı yer alır. 
Bu əsərlərin arasında Azərbaycan dinləyicisinə tanış olan, vaxtilə rus mətnlərinə bəstələnib və müğənnilər tərəfindən ifa olunan mahnılar da var. Bu mahnıların bir neçəsi görkəmli ifaçılarımızdan Rəşid Behbudov («Möhtəşəm şəhərim», «Сan Bakı», «Şəhərimiz haqqında mahnı» və b.); Müslüm Maqomayev («Sabahın xeyir, can Azərbaycan»), Oqtay Ağayev («Şəhərimiz haqqında mahnı») və «Qaya» vokal-instrumental ansamblının ifasında səslənib («Bahar gəlir», «Xədicə», «Bakı qızları» və sair).  
Gülnar xanım, əslində mərhum atasının müqəddəs işini davam etdirir. Azərbaycana sevdalı olan Şıx-Əli Qurbanov onun milli dəyərlərini uca tutduğu kimi, varisi Gülnar xanım da səslənməyən mahnılara Azərbaycan dilində yeni mətnlər yazaraq, onlara ikinci həyat verib və xalqımıza, musiqi mədəniyyətimizə yenidən ərməğan edib. Layihəyə daxil olan mahnıların hamısını məlahətli səsə malik tenor-ifaçı Cahangir Parişani ifa edib. Mahnıların aranjimanı Nazim Əhmədə məxsusdur.  
Gülnar xanım daha bir maraqlı fakt səsləndirdi: 
– Araşdırmalarım zamanı 1948-ci ildə Moskvada lentə alınmış bir mahnı qarşıma çıxdı. Bu, musiqisi Tofiq Quliyevə, mətni isə Aleksandr Jarova məxsus olan «Золото ветвистое» mahnısıdır. Həmin mahnını Rəşid Behbudov ifa edirdi. Məlum oldu ki, taxılçılığın inkişafından bəhs edən bu mahnı partiyanın sifarişiylə yazılıb. Təbii ki, dövrümüzlə səsləşməyən mahnı olduğu üçün mən o taxıl mövzusunu qoydum kənara və Tofiq Quliyevin musiqisinə Gəncəmizin vəsf olunduğu «Gəncəm» adlı yeni mətn yazdım. Beləliklə bu mahnı da ikinci həyatını qazandı… 
Onu da qeyd edək ki, II Qarabağ Müharibəsi günlərində Gülnar Şıx-Əli qızı Qarabağa, əsgərlərimizin Vətən uğrunda göstərdikləri şücaətə 16 şeir həsr edib və müharibə bitən kimi bu şeirləri kitab şəkilində dərc etdirib. Bu kitab ədəbiyyat tariximizə II Qarabağ müharibəsinə həsr olunan ilk şeir kitabı kimi daxil olub. Kitabda olan şeirlərin bir neçəsinin sözlərinə mahnılar yazılıb («Qələbəyə doğru» və «Qarabağ bizimdir» (Eldar Mansurov), «Sevimli Yurdum», «Qarabağ zəfəri» və «Anamın beşiyi Şuşa» (Elturan), «Şan-şöhrətimiz» (Qasim Xəlilov), «Xankəndi» və «Şuşa» (İdris Zeynalov), «Ağdamım mənim» (Gülnar Şıx-Əli qızı) və bu mahnıların bəziləri artıq müharibənin gedişində ifa olunub.
Gülnar Şıx-Əli qızının bu günlərdə yazdığı, musiqisinin də müəllifi olduğu «Bahar bayramı» mahnısında bu ifadələr yer alır:  

Bayramımız müqəddəsdir… 
Sənin gəlişinlə, gözəl bayramım, 
Küsənlər barışır, sevən qovuşur, 
Ağaclar gül açır, çaylar axışır, 
Ətrafa nur səpir bayram şamları...

Vaxtilə Şıx-Əli Qurbanov Cahangir Cahangirovun musiqisinə yazdığı və Şövkət Ələkbərovanın böyük ürəklə ifa etdiyi «Bayram şamları» mahnısında bayram şamlarını belə vəsf etmişdi: 
 
Yan, yan, bayram şamları, bu bayram axşamları. 
Odlu ürəyim kimi yandırsın əllər sizi, 
Xeyirxah əməllərə bağlayaq eşqimizi…
  
Gülnar Şıx-Əli qızının zamanla unudulan mahnılara doğma dilimizdə yeni həyat verməsi atasının vəsiyyətinin yerinə yetməsidir. Xeyirxah əməl sahibləri xalqın ürəyində əbədi məskənə sahibdirlər.