Uşaqları zəncirdən azad edin!

Sumqayıt şəhərində Sülh küçəsində beş yerdə zəncirlənmiş uşaq heykəlləri yerləşdirilib". 

 "Sherg.az" xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova öz narahatlığını bölüşüb. 


Hüquq müdafiəçisi qeyd edib ki, hansı səbəbdənsə, heykəltaraş, ya da başqaları uşaqları zəncirləyib: 

"Uşaq hüquqlarını əsas prioritet götürən ölkə üçün zəncirlənmiş uşaq heykəlləri fərqli subliminall mesaj verir. Uşaqları zəncirdən azad edin! Ola bilər kimsə fərqində olmayıb amma təcili o zəncirləri çıxarın. Biz uşaqların bütün köhnə sterotip və zəncirlədən azad böyüməsini istəyirik".

Sumqayıt sakini Xatın Absalımova isə qeyd edib ki, heykəllər yeni qoyulanda zəncir yox idi: "Bu heykəlləri narkomanlar oğurlayıb dəmir yerinə satmasın deyə zəncirləyiblər. Onların əlindən nə "lyuk" ağzı qalır, nə zibil qabları. Fikir vermisiniz, bir ara zibil qablarını daşdan elədilər, çünki oğurlayıb satırlar. Bu heykəllərin zəncirlənməsində başqa bir qərəz və uşaqlara qarşı aqressiya tərənnümü yoxdur".

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İB-nin rəhbəri Zenfira Mustafayeva heykəllərin zəncirlə bağlanmasının müvəqqəti, küləkdən mühafizə xarakterli olduğunu deyib:
 "Mənim taleyim Sumqayıtla bağlı olub. Bu şəhərdə təhsil alıb, bu şəhərdə ailə qurmuşam. Biz hamımız şəhərimizi sevirik və son zamanlarda şəhərimizin günü-gündən gözəlləşməsi, bir cənnətə çevirilməsini hamı görür. Bulvar deyilən yeni ərazidə çox möhtəşəm tikililər, parklar, xiyabanlar sakinlərin istirahət məkanına çevirilib. Burda çox müxtəlif heykəllər,qurğular açıq havada muzeyə bənzəyir. Adı çəkilən uşaq heykəlləri yeni qoyulub və hələ tam olaraq iş bitməyib. Küləyin təsirindən yıxılmasın, zədələnməsin, sınmasın deyə, müvəqqəti olaraq dayağa bərkidilib. İşlər tam yekunlaşan kimi  əlavə qurğular götürüləcək. Şəhərimizə ,dəniz kənarı bulvara istirahətə gələnlər bu gözəlliklərdən zövq alırlar. Siz də gəlin və şəhərimizin gözəlliklərinin vurğunu olun.