Bakıda ərini öldürməyə cəhddə təqsirləndirilən Lalə İmaşovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Lalə İmaşova 9 il müddətinə zadlıqdan məhrum edilib. İstintaq və məhkəmə dövründə polis nəzarətində olan qadın məhkəmə zalında həbs edilib.
Xatırladaq ki, hadisə keçən il yanvarın 21-də paytaxtın Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən evlərin birində qeydə alınıb.
İttihama görə, Lalə İmaşova əri Ceyhun İmaşovla mübahisə edib. Daha sonra qadın baltanın kəsici hissəsi ilə ərinin baş nahiyəsinin arxa hissəsindən iki dəfə zərbə vurub. Nəticədə Ceyhun İmaşov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Lalə İmaşova barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Son vaxtlar kişilərlə yanaşı qadınların da göstərdiyi şiddətlərin sayı az deyil.Maraqlıdır, cəmiyyətdə formalaşan aqressiyanın səbəbi nədir?
Mövzu ilə bağlı danışan psixoloq Vəfa Əkbər "Sherg.az"a bildirib ki, aqressiyanın cinsə görə bir fərqi var:
“Qadınlar daha çox herbal aqressiyadan əziyyət çəkirlər. Yəni, deyinirlər, emosional danışırlar. Ancaq kişilər fiziki aqressiya ilə ifadə edirlər. Məsələn, vurmaq, sındırmaq. Bir növ sanki, güc nümayişi sərgiləyirlər. Əgər bir insan ətrafı tərəfindən görülmür və duyğuları nəzərə alınmırsa, problemlərini desə belə, digər şəxslər ondan cəmiyyətin qoyduğu qəliblərlə yaşamağı tələb edirsə, o zaman qarşı tərəfin şiddəti hiddətlənir. Sonda isə aqressiya öz pik nöqtəsinə çatır. Hətta, qadın belə fiziki-aqressiv şiddətə əl ata bilir. Burada əsas problem cəmiyyətin çərçivələşmiş mental düşüncələridir".