Bakıda qəsəbələrin birindəki qəbiristanlıqda çayxana tikmək istəyiblər.
Bu barədə Real TV-yə Xəzər rayonu, Binə qəsəbəsinin sakinləri məlumat veriblər.
Onlar qəbiristanlığın ərazisində çay evinin tikilməsinə etirazlarını bildiriblər.
Çayxananın tikintisinə icazə verdiyi deyilən Binə bələdiyyəsindən deyilib ki, həmin ərazidə çayxana tikilməsinə icazə verilməyib.
Məsələ ilə bağlı danışan ilahiyyatçı Hacı Təyyar Hüseynli “Sherg.az”a söyləyib ki, son vaxtlar milli-dini dəyərlərə qarşı layeydlik, diqqətsizlik var:
"Ötən gün qəbirstanlığın yanında konsert proqramı keçirilmişdi. Sanki, təşkilatçılar başqa yer tapa bilməyiblər. Qəbirstanlığın ərazisində çayxananın tikilməsinə gəldikdə isə, kafe və restoran sistemi vətəndaşların qidalanmasına xidmət edən məkandır. Təbii ki, burada İslam dinində qadağan olunan qidalar, spirtli içkilər və donuz əti verilir. Kafe fəaliyyətinə başlayan biri ona uyğun bir məkan seçməlidir. Qəbirstanlıqda isə hər gün bir neçə cənazə dəfn olunur. Bura isə cəsədlərin çürüməsi üçün ayrılan torpaq sahəsidir. Ona görə də bir kafenin tikilməsi üçün havanın təmizliyi şərtdir. Lakin nə qədər cənazənin üstü örtülsə də çürümə getdiyi üçün qoxu hiss olunur. Qəbirləri ziyarət edənlər quran oxuyaraq dua edirlər, hüznlü olurlar. Digər tərəfdə isə kafedə musiqi sədaları altında əylənən, spirtli içkinin təsiri altında qəh-qəhə çəkənlər nə dərəcədə uyğundur? Ümumiyyətlə, Şərq və Qərbdə xalqın milli-dini dəyərlərinə uyğun olaraq dəfn qaydaları var. Bələdiyyələrdən qəbirstanlıqlar üçün ayrılan torpaq sahələri üzrə xüsusi parametrlər mövcuddur. Bu səbəbdən qəbirstanlıqlara normativlərə uyğun nəzarət gücləndirilməlidir".