Məsələ humanist addımdır, lakin çox adamı əhatə etməyəcək
Kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq.
Bu məsələ Milli Məclisin plenar iclasında müzakirə edilən “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, kişilərə münasibətdə qadın vəfat etdiyi və uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Plenar iclasda çıxış edən Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib ki, əmək pensiyasına edilən dəyişiklik normaldır: "5 və daha çox uşaq böyüdən valideyn 5 il daha tez pensiya hüququ əldə edəcək. 2019-cu ildə əhalinin siyahıya alınmasına əsasən, Azərbaycanda 6 və daha çox uşağı olan 16 169 ailə var. Hazırda 110 min ailədə 4 və daha çox uşaq var. Amma beşuşaqlı ailələrin sayını təəssüf ki, müəyyən edə bilmədim. Müəyyən etdim ki, hazırda 5-dən çox uşağı olduğuna görə sosial müavinət alan qadınların sayı 2600-dür. Bu, çox kiçik, bizə müraciət edən və kömək istəyən anaların say fonunda hətta gülünc rəqəmdir".
Deputat sədri olduğu Milli Cəbhə Partiyasının təklifini də səsləndirib:
“Pensiya yaşı həm kişilər, həm də qadınlar üçün azaldılsın. Kişilər üçün 62, qadınlar üçün 60 yaş həddində müəyyənləşdirilsin. Təklifimizin səbəbi isə vətəndaşlarımıza tələb olunan səviyyədə tibbi və sosial təminat verə bilməməyimiz, son zamanlar isə vətəndaşların pensiya yaşına çatmadan vəfat etməsi hallarının çoxalmasıdır. Digər məsələ isə pensiya yaşına çatmağa bir neçə ay, bir neçə il qalmış şəxslər vəfat edəndə onlara dəfn pulunun verilməməsidir. Bu məsələni bir dəfə burada qaldırmışdım və o zaman deyildi ki, məsələ həllini tapacaq. Təklif edirəm ki, pensiya yaşına çatmağa 5 il qalmış dünyasını dəyişən şəxslərə də dəfn pulu verilsin. Bununla bağlı daha çox müraciətlər daxil olur. Çünki son illər vətəndaşlar pensiya yaşına çatmadan dünyalarını dəyişirlər”.
Müvafiq dəyişikliyi şərh edən iqtisadçı-ekspert Xalid Kərimli isə “Sherg.az”a açıqlamasında deyib ki, sözügedən məsələ humanist addımdır, lakin çox adamı əhatə etməyəcək:
“Bizdə pensiya yaşı həddindən artıq yuxarı olduğu üçün bu cür dəyişikliklər adekvat hesab olunmur. Təsəvvür edin ki, ayağınıza dar ayaqqabı geyindirib sıxırlar. Daha sonra isə üzərindəki ipi azca boşaldanda ayaq özünü rahatlamış hesab edir”.
Ekspert Azərbaycanda pensiya sisteminin antihumanist olduğunu və əhalinin maraqlarına uyğun olmadığını deyib:
“Azərbaycanda kişilər üçün gözlənilən ömür müddəti 73-75 yaşdır. Lakin pensiya yaşını 65 yaş həddində müəyyənləşdiriblər. Qadınların da pensiyaya çıxmaq yaşı hər il 6 ay artırıldığı üçün 2- ilə onlar üçün də pensiya yaşı 65-ə çatacaq. Bu isə o deməkdir ki, illərlə pensiyaya çıxmağı gözləyən insanlar ən yaxşı halda 8-9 il pensiya alacaq. Avropanı misal göstərirlər ki, orada da insanlar 65 yaşında pensiyaya çıxır. Axı orada ortalama ömür müddəti 82-83 yaş olduğundan 15-16 ildən çox pensiya ala bilirlər. Bizdə isə orta ömür müddəti az, pensiya yaşının çox olması azmış kimi pensiya hesablaması zamanı 144-ə bölməni ləğv etsinlər. Orta hesabla 8-9 il pensiya alacaq adamların toplanmış pensiya kapitalı hansı əsasla 12 ilə bölünür?”.