Azərbaycan əhalisi 2 milyon azalacaq - TƏHLÜKƏ

Ölkədə yaşlı adamların sayı artacaq, əhali arasında gənclər azlıq təşkil edəcək

Professor Əhməd Qəşəmoğlu: “Bəli, qeyd olunan təhlükə bizim üçün qaçılmaz olacaq”

  “Azərbaycan əhalisinin sayı 2 000 000-dan çox azala bilər. Bu proqnoz-məlumatları Azərbaycanın rəsmi statistikası əsasında hazırlayıblar. Mənə inandırıcı görünmür. Amma tendensiya azalmağa doğrudur”.
Bu sözləri hüquq müdafiəçisi Sahib Məmmədov “database.earth”-in statistikasına istinadən paylaşıb.
  S.Məmmədov hesab edir ki, qeyd olunan azalma baş versə, proses yalnız say azalması ilə deyil, cins və yaş tərkibinin əhəmiyyətli dəyişməsi ilə müşahidə olunacaq.
Məlumata görə, Azərbaycan əhalisinin gələcəkdə 10 462 904 nəfərdən 8 265 201 nəfərə qədər azalacağı gözlənilir. 2024-cü ildən 2100-cü ilə qədər əhalinin sayının 161,64 faiz azalması baş verə bilər.
  Sosioloq, professor Əhməd Qəşəmoğlu isə “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanda artım bu templə davam etsə, qeyd olunan təhlükə bizim üçün qaçılmaz olacaq: 

“Lakin bir məqama aydınlıq gətirmək istəyirəm ki, beynəlxalq təşkilatların açıqladığı rəqəmlər, verdikləri proqnozlar hökm deyil. Sadəcə olaraq tədqiqatçılar indiki prosesləri izləyirlər və ehtimal edirlər ki, bu cür davam etsə, müəyyən bir vaxtdan sonra vəziyyət belə olacaq. Əgər biz demoqrafiya sahəsindəki problemlərə əhəmiyyət verməyib, prosesləri öz axarına buraxsaq, əhali sayının 2100-cü ilə qədər 2 milyondan çox azalması mümkün variantdır. Yox əgər problemi arzuolunan şəkildə idarə edib, mənfi tendensiyalara müdaxilə edə bilsək, 2100-cü ildə vəziyyətimiz daha yaxşı ola bilər”.
  Professorun sözlərinə görə, doğum sayı azalan xətt üzrə gedir. Bu da bir müddət sonra fəsadlar verəcək. Ölkədə yaşlı adamların sayı artacaq, əhali arasında gənclər azlıq təşkil edəcək: “Ailə qurmayan və ya ailə qurub uşaqları olmayan ailələr də var və buna görə də bir-iki uşaq doğulanda əhali azalır: "Hər ailədə ən azı 3 uşaq olmalıdır. Buna da dövlət kömək etməlidir. Çünki bu uşaqlar həm də dövlətin uşağıdır. Məsələn, gənclərin sayı azalanda əsgərlərimizin sayı da azalacaq. Bütün bunlar ciddi məsələlərdir, dərindən təhlil olunmalı, xüsusi konsepsiyalar hazırlanmalıdır”.