2024-cü ilin yanvar-mart ayları ərzində 24 564 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniş edilib.
Qeyd edək ki, Dünyaya gələn uşaqların 11 592 nəfəri qız, 12 972 nəfəri isə oğlandır.
İqtisadçı-ekspert Xalid Kərimli “Sherg.az”a bildirib ki, uşaq pulu o ölkədə verilməlidir ki, həmin dövlətin buna imkanı çatsın:
“Təbii artım ilə bağlı problemlər var. Yəni ölkədə artımın əksinə azalma var. Əmək bazarında ehtiyac ilə əlaqəli problem var. İşçi qüvvəsinin strukturunda yaşlıların payı çox, gənclərin payı isə azdır. Problemləri olan ölkədə uşaq pulu verilməsi əsaslıdır. Azərbaycan isə təbii və əmək bazarındakı əhalinin strukturu ilə əlaqəli problem olmadığına görə uşaq pulu aktual deyil. Həmçinin Azərbaycanda əhalinin strukturunda təqaüd alanların sayı 10-11% təşkil edir. Ehtiyacı olan ailələrə ünvanlı yardımın həcminin çoxalması və əlçatanlığın asanlaşdırılması lazımdır. Uşağın ailəsi milyoner olarsa, onun uşaq pulu almasına ehtiyac yoxdur. Lakin ehtiyacı olan ailələrə ünvanlı sosial yardımın həcminin artırılması aktual olmalıdır. Uşaq böyüyüb yemək tapmayanda başlayır cinayət törətməyə. Ünvanlı sosial yardımın alınmasında bir çox maneələr var. Onlar asanlaşdırılmasının tərəfdarıyam. İmkanlı olan ailənin uşaq pulu alması yaxşı deyil. Ümumiyyətlə ehtiyacı olan ailələr uşaq pulu alsın. Bəzi dövlətlərdə əhalinin artırılması üçün sosial yardım verilir. Azərbaycanda isə əhalinin artırılması, sayın çoxalması kimi bir problem yoxdur. Gələcəkdə bu problem yaranarsa, uşaqpulunun verilməsi o zaman aktuallaşa bilər”.