Sosioloq: Məşğulluq yoxdursa, zorakılıq artar

Belə olanda evdəki kiçik problemlər şiddətə çevrilir

 “Bu gün cəzasız qalan cinayət kimi, istənilən həlli olmayan sosial məsələ də cəmiyyətdə səhv fikir formalaşdırır”

 “Cari ildə indiyədək məişət zorakılığı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 512 müraciət daxil olub".

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova dünən özünün iştirakı ilə keçirilən mətbuat konfransında deyib. O bildirib ki, ölkə üzrə məişət zorakılığının konkret statistikası yoxdur, bu gün dəqiq statistika demək olmur. S.Qəhrəmanova ötən il məişət zorakılığı ilə bağlı müraciət sayının 535 olduğunu deyib.

"Biz bu sayı azaltmağa çalışırıq. Bu gün məişət zorakılığı olduqda ya Komitəyə müraciət edilir, ya da hüquq-mühafizə orqanlarına edilir. Biz çalışırıq ki, belə hallarda yerli bələdiyyələrə də müraciət edilsin. Məişət zorakılığının qarşısının alınması üçün zorakılığın növləri üzərində işləmək lazımdır", - o əlavə edib.

Sosioloq Mətanət Məmmədova Sherg.az-a bildirib ki, məişət zorakılığının başlıca səbəbi sosial problemlərdir. Onun sözlərinə görə, mənzil şəraitinin aşağı səviyyədə olması, işsizlik, qazancın olmaması insanda istər-istəməz əsəbi hal yaradır:

"Qadın evdə hər gün “nə bişirim?” problemi ilə üzləşirsə, paltar yumağa yuyucu toz tapa bilmirsə, uşağına bez, qida ala bilmirsə, təbii ki, əsəbi olacaq. Bu zaman evdə yaranan adi bir söz-söhbət şiddətlə nəticələnə bilir. Zorakılıq varsa, hüquqi qiymət də olmalıdır. Yoxsa cəmiyyətdə bunun qarşısını almaq mümkün olmaz. Eyni zamanda sosial mexanizmlər tətbiq edilməlidir ki, zorakılıq halları aradan qaldırılsın. Başlıca olaraq vətəndaşın məşğulluğu təmin olunmalıdır. Sahibkarlığa, kiçik biznesin inkişafına stimul yaradılmalıdır. Bizim bəzi məmurlar var ki, kimsə özü üçün kiçik bir biznes qurmaq istəyirsə, dərhal ondan elə bir “şapka” istəyir ki, insan məcbur qalıb işini bağlayır. Belə olan halda isə güc dövlətin üzərinə düşür. Lakin məşğulluğun təminatına həm dövlət, həm də özəl sektorlar şərait yaratmalıdır. Psixoloji mərkəzlərin fəaliyyəti artırılmalıdır. Spirtli içki və narkotik maddə qəbul edən insanlarla iş gücləndirilməlidir. Onlara ailədaxili münasibətlərə xələl gətirən halların aradan qaldırılması dəstəyi verilməlidir. Ümumilikdə isə həm kişi, həm də qadının bir qədər dözümlü olmaları, ailədə bir-birini anlamaları, yarana biləcək bütün vəziyyətlərdə səbr göstərmələri vacibdir. Uşaqlara qarşı edilən zorakılıq faktlarına toxunan sosioloq qeyd edib ki, valideynlər uşağı səhv tərbiyə etdiyinə baxmayaraq, etdiyi səhv hərəkətlərə görə övladlarına zorakılıq tətbiq edirlər: “Hansı ki, bu zorakılığı ona deyil, özümüzə tətbiq etməliyik. Qaldı uşaqların bir-birinə qarşı zorakılığına, onların zorakılığı ehtiva edən cizgi filmləri əvəzinə, mənəvi dəyərləri özündə birləşdirən filmlərə baxmasına nəzarət edilməlidir. Unutmayaq ki, bu gün cəzasız qalan cinayət kimi, istənilən həlli olmayan sosial məsələ də cəmiyyətdə səhv fikir formalaşdırır və yeni zorakılıq hadisələrinə yol açır”.