Minimum əmək haqqı 1 həftəyə ancaq çatar -RƏY

Əgər 3-4 nəfərlik ailənin ehtiyacını hesablamalı olsaq, təbii ki daha artıq xərc əmələ gələcək və minimum əmək haqqı heç bir halda bu ehtiyacı ödəyə bilməz

Ölkə vətəndaşları gündəlik 11 manat xərcləyə bilər. Çünki minimum əmək haqqından bir sıra vergi, sosial ödəmələr çıxıldıqdan sonra əldə yalnız bu qədər pul qalır.

Bu barədə “Sherg.az”a iqtisadçı Rauf Qarayev məlumat verib. İqtisadçı bildirdi ki, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilib: 

- Nazirlər Kabineti tərəfindən minimum istehlak səbətinin tərkibi təsdiqlənib. Hazırlanmış cədbəldə ərzaqların illik norması qeyd olunub. İllik norma aylara və günlərə bölünəndə nə qədər edir, cədvələ əsasən müəyyən etmək asandır. Cədvəldə əmək qabiliyyətli əhali, pensiyaçıar və uşaqlar üçün normalar ayrı-ayrılıqda göstərilir. Əmək qabiliyyətli əhalinin gündəlik çörək norması 375 qramdır. 400 qram çörək 65 qəpikdirdə, 375 qram edəcək 0.61 qəpik (gündəlik), ayda isə demək 1 nəfər ümumlikdə 18 manat 30 qəpik pul xərcləmiş olur. Amma ailə bir nəfərdən ibarətdirsə. Bəs 2 və ya 3, 4 nəfərlik ailədirsə? Ən azı gündə 2 çörək alındığını düşünsək, bu edəcək 36 manat 60 qəpik. Orta hesabla günə 150 qram kartof, ayda 3 manat 60 qəpik, gündəlik cəmi 9 qram ət düşür. Ətin kiloqramını 22 manatdan hesablasaq ayda 59 manat 40 qəpik ətin pulu edir. Çörək, kartof, ət bir nəfər üçün ayda 81 manat 30 qəpik edir. Yəni, minimum əmək haqqından 235 manat 70 qəpik qalıq əmələ gəlir. Bu, bir nəfərin aylıq minimum istehlak ehtyacıdır, Nazirlər Kabinetinin müəyyən etdiyinə görə. Əgər 3-4 nəfərlik ailənin ehtiyacını hesablamalı olsaq, təbii ki daha artıq xərc əmələ gələcək və minimum əmək haqqı heç bir halda bu ehtiyacı ödəyə bilməz. Biz hələ kommunal ödənişləri, nəqliyyat xərclərini hesablamadıq. İnsan hər gün yalnız çörək, kartof yetərlidir məgər? Kərə yağı (hər nə qədər qarışıq tərkibli olsa da, kiloqramı minimum 15-20 manat arasıdır), meyvə, tərəvəz, gündəlik digər ehtiyaclar. Bunların hamısı hazırkı bazar qiymətləri ilə hesablansa, minimum əmək haqqı 1 həftəyə ancaq çatar. Qənaətlə xərclənsə əlbəttə ki. 

İqtisadçı qeyd etdi ki, minimum istehlak səbətinin bu qədər aşağı göstəricidə olması gündəlik istehlakda ucuz ərzaqların üstünlük təşkil etməsi və qiymətlərin bazar qiymətlərndən aşağı götürülməsinə görədir. Minimum əmək haqqından gəlir vergisi, sosial ödəmələr, icbari tibbi sığorta, həmkarlara üzvlük haqqı və sair ödəmələr çıxıldıqdan sonra isə aylıq hər gün üçün cəmi 11 manat pul qalır. Belə çıxır ki, vətəndaş 11 manatla dolanmalıdır.