“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2024-cü il üzrə Azərbaycanda işsizlik səviyyəsinin 5%-dən aşağı olacağını gözləyir. Reytinq agentliyinin məlumatına əsasən, S&P 2024-cü il üzrə Azərbaycanda işsizlik səviyyəsini 4.7% proqnozlaşdırıb. Bu isə beynəlxalq maliyyə təşkilatlarının Azərbaycanda işsizliklə bağlı proqnozlarından aşağıdır. Adətən, Azərbaycanda işsizliklə bağlı proqnozlar 5-6% civarında müəyyən edilir. Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu yenicə açıqladığı hesabatında 2024-2025-ci illər üzrə Azərbaycanda işsizlik səviyyəsini 5.5% proqnozlaşdırıb.
Bəs görəsən, hazırda bu göstəricilər nə dərəcədə həqiqəti əks etdirir? S&P-nin bu il üçün verilən statistikasına nail olmaq mümkün olacaq?
Məsələni dəyərləndirən iqtisadçı ekspert, Natiq Cəfərli "Sherg.az"a bildirib ki, beynəlxalq qurumlar, o cümlədən S&P alternativ statistikadan istifadə edə bilmirlər:
"Çünki onlarda bu mənbələr yoxdur və hesablama qaydaları, metodologiyaları daha çox rəsmi statistik məlumatlara əsaslanır. Alternativ mənbələr olmasa, alternativ hesabatlar aparmaq da mümkün deyil. Məsələn, bu istiqamətdə Türkiyədə ən azından 3 mənbə-Dövlət Statistika Komitəsi, işsizliklə bağlı həmkarlar təşkilatının, biznes qurumlarının göstəriciləri açıqlanır. Bu səbəbdən düzgün analiz etmək mümkün olur. Azərbaycanda isə bu təcrübədən istifadə edilmir. Ona görə də bu tip beynəlxalq təşkilatların açıqlamaları rəsmi statistiklərin metodoloji dəyişiklərinə söykənilir. Ancaq məlumat bazası eynidir. Bir sözlə, bu hədəflərin nə qədər doğru olub-olmaması və Azərbaycanda işsizliyini 5 faiz olması ciddi sual doğurur".