Bank kartlarını necə qoruyaq?

Bu, virus deyil ki, qarşısı antivirusla alınsın

İKT üzrə mütəxəssis: “Yalnız maarifləndirmə yoluyla mübarizə aparmaq olar. Vətəndaşlar ayıq-sayıq olmalı, şəxsi bank məlumatlarını başqa birisinə ötürməməlidirlər”

  Bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, belə hallarla mübarizə istiqamətində Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən ictimai iaşə obyektlərinin və bankomatların ətrafında vətəndaşları, xüsusən təqaüd yaşına çatmış insanların kibermaarifləndirilməsi məqsədilə məlumatverici lövhələr quraşdırılıb. Bu lövhələrdə kiberdələduzluqla məşğul olan cinayətkar şəxslərin ən çox istifadə etdiyi üsullar barədə ətraflı məlumat yerləşdirilib. Daxili İşlər Nazirliyi bu hallara qarşı vətəndaşları diqqətli olmağa çağırır və qeyd edilən kibercinayətkarlıq halları ilə üzləşdikləri təqdirdə polisə məlumat vermələrini tövsiyə edir.
  Qeyd edək ki, bu, birinci xəbərdarlıq deyil. DİN bundan əvvəl də vətəndaşlara oxşar xəbərdarlıqlar edib. Təəssüf ki, son zamanlar kart məlumatlarının ələ keçirilməsi təhlükəsi artmaqdadır. DİN üzərinə düşən vəzifəni yerinə yetirir. Amma bunu nəzərdən qaçırmaq olmaz ki, müasir dünyada kartdan karta köçürmələr, onlayn və nağdsız alış-verişlər günümüzün dəyişməz reallığıdır. Kart məlumatlarının oğurlanmasının qarşısını təkcə vətəndaş almalıdırmı, məlumatları gizli saxlamaqla. Yoxsa kart məlumatlarının qorunmasında hansısa başqa, daha mükəmməl sistemlər mövcuddur?
  İKT üzrə mütəxəssis Elvin Abbasov “Sherg.az"a açıqlamasında mübarizənin ancaq maarifləndirmə yoluyla aparılmasının mümkün olduğunu dedi:
" Bu, virus deyil ki, qarşısı antivirusla alınsın. Onlayn platformada fəaliyyət göstərən kiberdələduzlar var. Və onlar hər dəfə fərqli metodlardan, fərqli ssenarilərdən istifadə edirlər. Bunlardan biri fişing (Phishing) metodudur. Fırıldaqçılar təsadüfi istifadəçi hesablarına e-mail göndərirlər. E-ünvanlar, məlum veb səhifələrindən və ya istifadəçinin bankından, istifadəçisi olduğu kredit kartının şirkətindən, e-ünvan və ya internet xidməti göstərən qurumdan göndərilmiş kimi görünür. Və vətəndaşdan kartının nömrəsi, ya da şifrəsi soruşulur. Sonra da istifadəçi başqa bir veb-səhifəyə yönlədirilir. Bu səhifə də saxta və ya dəyişdirilmiş veb-səhifə olur. Səhifəyə daxil olduqda isə vətəndaşdan şəxsi bank kartı məlumatlarını daxil etmək tələb olunur. Beləliklə, şəxsi kart məlumatları fırıldaqçıların əlinə keçir. Bu, fırıldaqdır və insanların kart hesablarının oğurlanmasına yönəlib. Son zamanlar bu cür dələduzluqlar artıb. Vətəndaşlara hansısa kampaniyalarda iştirak təklif olunan linklər göndərirlər. Vətəndaşın üzərinə düşən budur ki, həmin linklərə daxil olmasın. Məsələn, hansısa bankın, yaxud firmanın kampaniyasında iştirakla bağlı mesaj gəlibsə, həmin bankın, firmanın, müəssisənin – təklif hara aiddirsə, oranın rəsmi saytına, internet səhifəsinə daxil olsunlar və məlumatların nə dərəcədə həqiqi olduğunu yoxlasınalr. Vətəndaş özü ona göndərilən mesajın, təklifin məzmununu, doğruluğunu müəyyənləşdirməlidir. Lakin bəzən vətəndaşlar “kampaniya” görən kimi linkin üzərinə “tık”layır, linkə daxil olurlar. Bununla da, kiberdələduzların toruna düşürlər. Kiber-fırıldaqçılar da telefonlardakı məlumatları ələ keçirirlər. Bununla yalnız maarifləndirmə yoluyla mübarizə aparmaq olar. Vətəndaşlar ayıq-sayıq olmalı, şəxsi bank məlumatlarını başqa birisinə ötürməməlidirlər".