Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər tərəfindən kənardan daş atılması nəticəsində vaqonun qapısının şüşəsi sındırılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu hal qatarın hərəkətində gecikməyə və sərnişinlərin narahatlığına səbəb olub:
"Məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Hadisəni törədən 3 azyaşlı müəyyən olunaraq valideyinlərinin iştirakı ilə Polis Şöbəsinə gətirilib.
Hadisəni törədən azyaşlıların valideynləri ilə profilaktik söhbətlər aparılıb və övladları üzərində nəzarəti daha gücləndirməyin vacib olduğu diqqətə çatdırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yaxın ərazidə yaşayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görüləcək".
Sosioloq Lalə Mehralı "Sherg.az"a bildirib ki, uşaqlar tərbiyə aldıqları ailənin cəmiyyətdəki əksidir:
“Hamısı öz ailəsini təmsil edir, kimisi yaxşı əməlləri ilə, kimisi bu cür nadanlıqları ilə. Uşaqlar həyatı dərk etməyə başladıqları yaşdan 4-5 yaşlarından etibarən nəyin yaxşı, nəyin pis olduğunu öyrənməyə başlamalıdır. Valideyn var ki öyrədir, valideyn var ki etinasız yanaşır. Qatarı daşlayan, heyvanları incidən, yoldaşlarına bullinq edən uşaqlar məhz o etinasız valideynlərin əsəridir. Bizim qanunlarımıza görə məsuliyyətə cəlb olunma yaşı 14-dür, deməli 14-dən aşağıdır o uşaqların yaşı, ona görə barələrində heç bir cinayət işi açılmayıb. Ən çoxu tənbeh ediliblər. Tənbehin nəticəsi ehtimal ki olmayacaq, çünki bu günədək tənbehin nə olduğunu bilməyiblər. Onlar törətdiyi əməli əyləncə bilirlər, təhlükə və ya cinayət yox. Valideynlərə xəbərdarlıq ediləcək, amma bunun da bir nəticəsi olmayacaq. Uşaqların törətdiyi əmələ görə valideyn ya cərimə ödəməli, ya da başqa bir tədbir görülməlidir. Əgər cəzasız buraxılsalar sabah başqaları da eyni şeyi edəcək”.