İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
Yetkinlik yaşına çatmayanların işlərinə məhkəmələrdə ən təcrübəli hakimlər baxmalıdır
“Yuvenal ədliyyə sahəsində əsas problem uşaqların işinə baxan ixtisaslaşdırılmış məhkəmələrin, prokurorların, vəkillərin olmamasıdır”
Tam yuvenal ədliyyə sisteminin formalaşdırılması üçün ixtisaslaşmış məhkəmə, polis və prokurorluğun olması vacibdir. Bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
O bildirib ki, uşaq hüquqları ilə bağlı konvensiyaya uyğun olaraq komitə dövri hesabatlar təqdim edir:
“Bizə müəyyən tövsiyələr gəlir. Çatışmazlıqlar qeyd olunur. Komitə olaraq onların aradan qaldırılması ilə bağlı işlər görürük”.
Qurum rəsmisi əlavə edib ki, bu gün Azərbaycandakı mövcud qanunvericilik uşaqlara qarşı çox humanistdir, sadəcə, təkmilləşdirilməsinə ehtiyac var:
“Tam yuvenal ədliyyə sisteminin formalaşdırılması üçün, yəni Azərbaycanda yetkinlik yaşına çatmayanların ədalətli mühakiməsi sisteminin gücləndirilməsi üçün ixtisaslaşmış məhkəmə, polis və prokurorluğun olması vacibdir”.
Onun sözlərinə görə, 2021-ci ildə bu sahədə qanunvericiliyə dəyişiklik olub:
“Cinayət prosessual qanunvericiliyinə uşaqların müdafiəsi ilə bağlı normalar daxil edilib. Lakin təkcə məhkəmə, polis və prokurorluq deyil, digər qurumların da bu sistemdə fəal olması çox önəmlidir. Bəzən elə hal olur ki, prokuror cəza məsələsini həll edir. Amma uşağın digər tələbatları nəzərə alınmır. Yuvenal ədliyyə sisteminin də əsas tələblərindən biri də odur ki, uşağın üstün mənafeləri nəzərə alınsın və bu tələbatlarına uyğun ona ixtisaslaşmış yardımlar göstərilsin. Bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi üçün müəyyən cəhdlər edirik”.
Qeyd edək ki, yuvenal cinayətkarlıq yetkinlik yaşına çatmayan fərdlərin cinayətin törədilməsində iştirak etməsi kimi qiymətləndirilir. Törədilən hüquq pozuntusunun növündən və ictimai təhlükəliliyindən asılı olaraq, 18 yaşınadək şəxslərin yetkinlik yaşına çatmış şəxslər kimi ittiham edilməsi mümkündür.
BMT-nin Uşaq hüquqları Konvensiyasının 37-ci maddəsində qeyd olunur ki, heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin. Uşağın tutulması, həbs olunması və ya azadlıqdan məhrum edilməsi qanuna uyğun olaraq həyata keçirilir və bunlardan son tədbir kimi və mümkün olan daha qısa müddət ərzində və müvafiq qaydada istifadə edilir.
BMT-nin Uşaq Hüquqları Komitəsi hökumətə tövsiyə edib ki, cinayət törədən uşaqların hüquqlarının daha etibarlı müdafiəsi və onların cəmiyyətə adaptasiyası məqsədilə yuvenal ədliyyə ilə bağlı qanun qəbul edilməlidir və ixtisaslaşdırılmış məhkəmələr, polis, vəkil və prokurorluq orqanları yaradılmalıdır. Lakin indiyədək Azərbaycanda belə bir sistem yaradılmayıb.
Yuvenal ədliyyənin yaradılmasının tərəfdarı olan ekspertlər bu fikirdədir ki, ağır cinayətlərin istintaqını aparan, mühakiməsini həyata keçirən və bu cinayətləri törədən şəxsləri müdafiə edən prokuror, hakim və vəkillər uşaqlarla bağlı ədalətli mövqe nümayiş etdirməkdə çətinlik çəkirlər. Onların fikrincə, bu uşaqlara qeyri-peşəkar yanaşma sonda onların yenidən daha ağır cinayətlər törətməsinə səbəb olur.
Konstitusiya Araşdırmalar Mərkəzinin prezidenti Əliməmməd Nuriyev “Sherg.az”a açıqlamasında deyib ki, son illər ölkəmizdə yuvenal ədliyyə sahəsində aparılan işlər və təbliğatlar, həmçinin Ədliyyə Nazirliyinin uşaq müdafiə sisteminə göstərdiyi maraq nəticəsində qanun pozuntusu törətmiş yetkinlik yaşına çatmayanların işlərinə baxış və onların cəzaçəkmə müəssisəsində olduğu dövrdə yaşam şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan fəaliyyətlərə xüsusi diqqət ayrılır:
“Azərbaycanda yuvenal ədliyyə islahatında digər mühüm proses yetkinlik yaşına çatmayanların qanun pozuntularına nəzarət ilə məşğul olan bütün dövlət qurumları arasında qarşılıqlı münasibətlərin yaxşılaşdırılmasıdır: Cinayət qanunvericiliyi humanizm və ədalət prinsiplərini rəhbər tutaraq yetkinlik yaşına çatmayanların kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə alaraq, onların cinayət məsuliyyəti və cəza təyini məsələlərində bir sıra güzəştlər edir. Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə görə, cinayət törədərkən on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb olunur. Yəni ümumi subyekt kimi, on altı yaşı tamam olmuş anlaqlı fiziki şəxs cinayət qanunvericiliyində təsbit olunan istənilən cinayət tərkibinin əlamətlərinin mövcud olduğu əməli törətdikdə cinayət məsuliyyətinə cəlb olunur. Cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi Cinayət Məcəlləsinin 59-cu maddəsində cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulub. Məcəllənin 86-cı maddəsində cəza təyini ilə bağlı təsbit olunur. Yetkinlik yaşına çatmayana cəza təyin edilərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır”.
Ə.Nuriyev də hesab edir ki, yuvenal ədliyyə sahəsində əsas problem uşaqların işinə baxan ixtisaslaşdırılmış məhkəmələrin, prokurorların, vəkillərin olmamasıdır:
"Qanunvericiliyə görə, yetkinlik yaşına çatmayanların işlərinə məhkəmələrdə ən təcrübəli hakimlər baxmalıdır. Uşaqlarla bağlı işlərdə psixoloqların, sosial işçilərin iştirakı təmin olunmalıdır. Çünki böyüklə uşağın cinayət törətmə səbəbləri fərqlidir. Ona görə də mütləq cinayəti törədənin yetkinlik yaşına çatmayan və ya böyük olmasına diqqət yetirilməlidir. Məhkəmə prosesi uşaqların psixi vəziyyətini pozur, habelə onların sosial inteqrasiyasına kömək etmir, əksinə, sosial təcrüdə və təcavüzə meylini artırır”.
Fond rəhbəri həmçinin qeyd edib ki, Azərbaycanda yetkinlik yaşına çatmayanlarla bağlı qanunvericiliyin olduqca liberal olmasına baxmayaraq, reabilitasiya mərkəzlərinin və ya digər sözlə sınaq mərkəzlərinin sayı çox azdı.