Sülhməramlıların Qarabağdan çıxmasının mədəniyyətə heç bir dəxli yoxdur
Rusiya sülhməramlılarının Qarabağı – ölkəmizi tərk etməsi siyasi-ictimai müstəvidə nə qədər xoş qarşılanıb, məntiqi və qanunauyğun izah edilsə də, ədəbi cameədə kədərə “boğulanlar” da tapılıb. Bəziləri belə hesab edir ki, rus əsgəri gedirsə, özüylə Puşkini, Lermontovu, Tolstoyu, Anna Axmatovanı, Pasternakı... özüylə aparır. Böyük bir mədəniyyət bizdən uzaqlaşır.
Məsələn, şair Aqşin Yenisey sosial şəbəkədə belə bir paylaşım edib:
“Rus ordusu gedən yerdən, adətən, rus mədəniyyəti də buxarlanır. Çünki ərəblər kimi ruslar da evlərindən kənara çıxanda hər tərəfdən barbar deyil, yorğun xalqlarla əhatə olunmuşdular. Xalq nə vaxt yorulur? Mədəni ehtiyatlarını istismar edib bitirəndə. Yunanlar o vaxt çökdülər ki, ellinizm artıq onlara heç nə verə bilmirdi. Romalılar həmçinin antik Roma mədəniyyətini istismar edib bitirəndən sonra yetim-yesirin inancından yapışmağa məhkum oldular. Səfəvilər, Osmanlılar əbədi güc mənbəyi kimi inandıqları islamı yeyib-bitirəndən sonra çökdülər. Bu gün də Azərbaycan xalqı pətəkdəki bütün balı yeyib kökəlmiş arıya bənzəyir. Sabah aclıq güc gələndə bu "arı" qarın doyuran hər şeyi mədəniyyət kimi, din kimi qəbul edəcək. Bir də gördün bu dəfə də Çin bizi buddistləşdirdi”.
Qeyd edək ki, şairin statusuna rəy yazanlar arasında mövqeyi ilə razılaşanlar da var, razılaşmayanlar da.
Yazıçı və tərcüməçi Nəriman Əbdülrəhmanlı “Sherg.az”a açıqlamasında rus mədəniyyətini çoxdan əxz elədiyimizi söylədi:
- Məncə, Rusiyanın dövlət siyasətinin, sülhməramlıların Qarabağdan çıxmasının mədəniyyətə heç bir dəxli yoxdur. Hətta XIX əsrin əvvəllərindən Rusiyanın işğalı altında olmağımız, hazırda da davam eləyən təzyiq olmasa belə, rus mədəniyyətində yaxşı nə varsa, əxz eləyəcəkdik. Əksinə, Rusiyanın asılılığından xilas olmaq bizə rus mədəniyyətinin ən yaxşı nümunələrinə üz tutmaq imkanı verəcək. Yəni rus şovinizminin siyasətinə alət olan mədəni dəyərləri deyil, həqiqi mədəni dəyərləri mənimsəyəcəyik.
Yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin də mövzu ilə bağlı fikirləri maraqlı oldu:
“Bir dəfə mənə belə bir sual verdilər: "Siz Qarabağdan çox yazmısınız, indi biz qalib gəldikdən sonra o əsərlər aktuallığını itirəcəkmi?". Mənim cavabım: Troya müharibəsi çoxdan qurtarıb, amma o barədə yazılan əsərlər hələ də aktualdır. Rusların böyük ədəbiyyatı və mədəniyyəti var. Siyasətlə mədəniyyəti qarışdırmaq lazım deyil. Ruslar burda oldu-olmadı, heç kim Tolstoyu, Dostayevskini, Platonovu və s. və i. dana bilməz. Özü də Rusiya bizim qonşumuz olduğuna görə həmişə burdadır. Sadəcə, ondan qorunmaq üçün dost olmaq lazımdır. Son proseslər göstərir ki, zaman bizim xeyrimizə işləyir. Rusiya əleyhinə mənasız lozunq və şüarlardan qaçmaq lazımdır.
Ədəbiyyat silahla, ordu ilə maraqlı deyil, ədəbiyyat insana münasibətlə maraqlıdır.
“Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs:
- Bu gün (dünən) tələbə jurnalistlərlə görüşdə idim. Onlara sual verdim ki, bu günün əsas hadisəsi nə olub? Müxtəlif cavablar verdilər. Hesab edirəm ki, tələbə də olsalar, onlar üçün də, hər birimiz üçün də əsas hadisə birmənalı şəkildə Rusiya sülhməramlılarının Qarabağdan çıxması olmalıydı. Bu, dünənin, bu günün yox, tarixin hadisəsidi. Bilirsiz ki, rus ordusu haqqında belə deyim var; girdikləri yerdən çıxmırlar. Rusiya ordusu hara gedirsə, orada təşviş və qorxu yaradır. Deyəsən, bu, ilk hadisədir ki, rus əsgəri sakitcə, qansız-qadasız çıxıb gedir. Qazaxıstanda buna bənzər hadisə olmuşdu. Amma Qarabağı – Azərbaycanı tərk etmələri öz xoşlarıyla getdikləri ilk hadisədir. Son 3 il yarımda inanılmaz hadisələr baş verir. Qarabağın azad edilməsi, antiterror əməliyyatı, erməni tör-töküntülərinin təmizlənməsi, Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi... Nəhayət, sonuncu həlqə qalmışdı. Bu da Rusiya sülhməramlılarının taleyi idi. Hər iki ölkə rəsmiləri bəyanatla çıxış edib ki, sülhməramlıların gedişi iki ölkə rəhbəri arasındakı danışıqlar nəticəsində baş verib. Bu həm də onu təsdiq edir ki, Azərbaycan Prezidenti 10 noyabr bəyanatındakı bütün prinsiplərə sadiq olub. Bütün müddəaları yerinə yetirib, biz sözümüzün ağasıyıq, Azərbaycan etibarlı tərəfdaşdır.
Rusiya sülhməramlılarının burada görəcəkləri bir iş qalmamışdı artıq. Və çıxıb getdilər. Rusiya sülhməramlıları gedib və bundan sonra bütün məsuliyyət Ermənistan iqtidarının üzərinə düşür. Bugünədək onların bəhanələri vardı ki, Rusiya sülhməramlıları Qarabağdadır, biz də başqa ölkələri bölgəyə cəlb edirik. Avropa Birliyi və sairlərini. Amma bu bəhanələri aradan qalxıb artıq. Sonuncu dediyimə o qədər də inanmıram, çünki ermənilər talelərini həmişə başqalarına etibar ediblər. Çünki öz ölkələri, öz vətənləri olmayıb. Hesab edirəm ki, Rusiya sülhməramlılarının gedişi Azərbaycanın suverenliyi yolunda atılan sonuncu və ən mühüm addımdır. Böyük hadisədir. İnanıram ki, Qarabağ – Şuşa, Ağdam, Xankəndi, Xocalı... röyamız necə gerçək oldusa, bir gün Naxçıvana da təkcə təyyarə ilə yox, həm də quru yolla gedib-gələcəyik.