“Xəzərə təcavüz etmək bizə baha başa gələ bilər” -Ekoloq

Süni torpaq adalarını yaradanlar Xəzərin ekologiyası haqqında tədqiqat işləri ilə tanış olmalıdır



  “Bu təcürbənin dünyanın bir sıra ölkələrində sınaqdan çıxarıldığını bilirik. Bir sıra ölkələrdə, məsələn, Birləşmiş Ərəb Əmirliklərində, yaxud Qətərdə su hövzəsi hesabına torpaq ərazisinin genişləndilməsi turizm layihələri məqsədi ilə edilib və bu, büdcəyə iri maliyyə vəsaitinin cəlb edilməsi deməkdir. Sinqapurda isə məqsəd ölkə ərazisini genişləndirməkdir. Sinqapur xarici dövlətlərdən pul ilə torpaq alıb, gəmilərlə öz sahillərinə daşıyır və ərazisini bu yolla genişləndirir”. 
Bu sözləri millət vəkili Elnur Allahverdiyev deyib. Söhbət isə parlamentin ötən iclasında müzakirəyə çıxarılan  “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq   sahələrinin yaradılması haqqında” qanun layihəsindən gedir. 
Millət vəkilinin sözlərinə görə, bu kimi tədbirlər iri maliyyə vəsaiti tələb edir, çünki bahalı layihələrdir və bunu ancaq imkanlı, güclü iqtisadiyyatı və maliyyə mənbələri olan dövlətlər edə bilər:  “Bunun həm də ciddi iqtisadi aspektləri var. Artıq turizmi qeyd etdim, inşaat, tikinti sahələri, hətta yaşayış üçün bu sahələrin salınması məşğulluq prosesinə öz töhfəsini verə bilər. Bizi qarşıda olduqca möhtəşəm və əlahiddə tədbir – COP29 gözləyir. Bu kontekstdən yaşıllaşdırma amili bizim üçün çox vacibdir və bu sahələrdə bu qəbildən olan layihələri də reallığa çevirmək mümkündür.  Nəhayət, Azərbaycan iri külək və günəş enerjisi ehtiyatına malikdir. Bərpa olunan enerjinin külək istiqamətinin Xəzərdə böyük ehtiyatı var. Müasir dünyanın trendlərindən biri olan yaşıl enerji sektoruna dövlətimiz ciddi önəm verir, biz yaxın illərdə bu enerjinin Avropaya ixracatçısına çevriləcəyik. Bu baxımdan düşünürəm ki, bərpa olunan enerji infrastrukturunun Xəzərdə yaradılacaq torpaq sahələrində yerləşdirilməsinin böyük perspektivi mövcuddur”.

  Ekoloq Ənvər Əliyev isə “Sherg.az”a açıqlamasında deyib ki, Xəzərdə süni torpaq adalarının yaradılmasının başlıca məqsədi mənzil tikintisidir. Əsasən də  turizm məqsədilə istifadə ediləcək. Lakin bu sahəyə yönələn adamlar bir şeyi unutmamalıdır ki, Xəzər dənizi Azərbaycan üçün unikal bir hadisədir: 
“Bizim əsas məqsədimiz də Xəzəri qorumaq olmalıdır. Tikintidən pul qazanmaq məqsədilə ekoloji problemlərə səbəb olacaq addımlar atılmamalıdır. Ümid edirəm ki, tikinti sahələri Xəzər dənizinin sahilə yaxın hissələrində salınacaq. Burada əsas sual doğuran məsələ süni ada yaratmaq üçün Xəzərə tökülən torpağın hündürlüyü ilə bağlıdır. Adətən Xəzər dənizində səviyyə tərəddüdü 2-2,2 sm qədər olur. Əgər salınan torpağın hündürlüyü düzgün proqnoz edilməsə, Xəzər həmin yeri yuyacaq. Xəzərdə tikinti işlərini həyata keçirəcək şirkətlərin mütləq əvvəldən təcrübəsi olmalıdır. Yoxsa ki, hər tikinti ilə məşğul olan şirkətlər bu işin öhdəsindən gələ  bilməz. Bu işlə məşğul olacaq şəxslər Xəzərin ekologiyası haqqında tədqiqat işləri ilə tanış olmalıdır. Elmi əsaslarını öyrənmədən Xəzərə təcavüz etmək bizə baha başa gələr”. 

  Ə.Əliyevin sözlərinə görə, bu xüsusda Xəzərə alternativ sahələr də var. Görəsən onlar niyə diqqətlərini çəkməyib: 
“Şimalda Nabranın düzən meşələri boyunca  400 kilometrə yaxın ərazi var. Elə bir o qədər də Xəzərin aşağı sahil xətti boyunca boş ərazilər var. Ekvatoriyanın həmin sahələrindən istifadə edib çox gözəl turizm mərkəzləri sala bilərlər. Rusiya, Türkiyə kimi ölkələr məhz bu cür turistik yerlərdən milyonlarla qazanc əldə edirlər”.