“Bu platforma daha çox yüngül həyat tərzi yaşayan, abırsız yollarla məşhurlaşmaq istəyən kütləni özünə cəlb edib”
Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi respublika ərazisində Tiktok sosial şəbəkəsinə girişin məhdudlaşdırılması barədə qərar qəbul edib.
Bu barədə Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb:
“Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin ölkə ərazisində Tiktok sosial şəbəkəsi ilə bağlı əsaslandırılmış qərarına əsasən, göstərilən xidmətə çıxışı məhdudlaşdırmaq üçün rabitə sahəsində tənzimləmə və nəzarət xidməti telekommunikasiya operatorlarına məktub göndərib”. Nazirlikdən verilən məlumata görə, qərarın qəbul edilməsinə sosial şəbəkənin “Qırğızıstan Respublikasında uşaqların sağlamlığına, onların fiziki, intellektual, əqli, mənəvi və əxlaqi inkişafına zərərin qarşısının alınması üzrə tədbirlər haqqında” qanuna əməl etməməsi səbəb olub.
Hələ 2023-cü ilin avqustunda Qırğızıstan Mədəniyyət Nazirliyi Tiktok sosial şəbəkəsini bloklamaq barədə qərar qəbul edib. Qərarın qanun çərçivəsində həyata keçirilməsi üçün Rəqəmsal İnkişaf Nazirliyinə müvafiq müraciət göndərilib.
Qeyd edək ki, Qazaxıstanda da resursun bloklanması ilə bağlı müzakirələr gedir. Senator Alişer Satvaldiyev parlament sorğusunda Tiktok platformasında neqativ kontentin yayılması problemini qaldırıb.
Rusiyanın Sosial Şəbəkələrin və Messencerlərin Peşəkar İstifadəçiləri Assosiasiyası ölkədə Tiktokun bloklanmasını istəyir.
Assosiasiya Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinə (“Roskomnadzor”) bu məsələni nəzərdən keçirməyi təklif edib.
Azərbaycanda da Tiktoka münasibət birmənalı deyil. Hətta Tiktok ölkədə ən çox şikayətlərin olduğu platforma sayılır. Vəziyyət o həddə çatıb ki, hətta bu platformanın bağlanmasını tələb edənlər də var. Bu gün Tiktokda nəinki peşəkarlıqdan danışmaq mümkün deyil, adi etiket qaydalarına əməl olunmadığını da deyə bilərik. Bu platformada hər ağızdan bir avaz eşidilir. Söyüş, təhqir, qarğış adi hərəkət sayılır. Qeyri-etik paylaşımlar edən bir neçə blogerin saxlanılaraq 20-30 sutka inzibati qaydada həbs edilməsi də digərlərinə dərs olmadı. Platformada aktiv olan blogerlər “köhnə hamam, köhnə tas” prinsipi ilə davam edir. Bu cür mənfi davranışlar cəmiyyəti yaralayır, pis tendensiyaların əsasını qoyur. Ekspertlər də hesab edir ki, bu adamlara qanunların sərt üzünü göstərməyin vaxtı açtıb. Ailə tərbiyəsi görməyənləri ya qanuni yolla tərbiyələndirmək, ya da ki birdəfəlik bu platformaya girişi məhdudlaşdırmaq lazımdır.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov isə "Sherg.az”a açıqlamasında deyib ki, tiktokerlər öz intellektləri və innovasiyaları ilə deyil, qeyri-ciddi və qeyri-etik çıxışları ilə izləyici toplayırlar:
“Tiktok kifayət qədər qeyri-ciddi və mənəviyyatsız bir biznes şəbəkəsidir. Onun dizaynı, quruluşu bu tip tendensiyalar üçün daha əlverişlildir. Digər şəbəkələrdən də bu məqsədlə istifadə edən insanlar olsa da, tiktokdakı qədər kütləvi deyil. Canlı yayımlardan pul qazanmaq kimi motivasiyalar yüngül həyat tərzi yaşayan, abırsız yollarla məşhurlaşmaq istəyən kütləni özünə cəlb etdi. Tiktokda canlı yayım açıb pul qazananlar isə ancaq qeyri-əxlaqi paylaşım edib, mənəviyyatımıza zidd, bayağı söhbətlər edən kütlədir. Tiktokla bağlı qadağalar tətbiq edən ölkələr də məhz bunun fərqinə vardı ki, insanları intellektual fikir mübadiləsindən daha çox yüngül həyat tərzinə sövq edir. İntellektə töhfə verməyən gəlir mənbələri isə ölkələrin milli-mənəvi dəyərlərini sarsıdır, həm də insanları bəsit yollarla qazanc əldə etməyə təşviq edir. Amma bütün bu məxfiliklərə rəğmən bir mütəxəssis olaraq tiktokun bağlanmasını doğru hesab etmirəm. Məlumatın əlçatanlığını məhdudlaşdırmaq hüquqi baxımdan doğru deyil. Milli-mənəvi dəyərlərimizə vurduğu zərər fonunda isə sadə bir vətəndaş kimi tiktokdan istifadənin məhdudlaşdırılmasını istəyirəm”.