Ekspert: Motosiklet, moped və velosiped idxalının qarşısı alına bilməz 

Bu nəqliyyat vasitələrinin hesaba alınması, onların uçot dərəcəsinin qeydiyyatının aparılması ilə bağlı işlər görülür

 
 Motosiklet, velosipedlərin idxal gömrük rüsumunun 15 faiz təyin edilməsi istifadəsində bu nəqliyyat vasitələrindən hər hansı biri olan sürücülərin narahatlığına səbəb olub. Belə təsəvvür yaranıb ki, bundan sonra ölkəyə motosiklet və velosipedlərin idxalında problem yaranacaq. Bu, kuryerlik fəaliyyəti ilə məşğul olanları daha çox narahat edir. Nəzərə alsaq ki, son zamanlar paytaxtda velosiped zolaqları çəkilir, velosiped həvəskarları da gündən-günə artır, rüsumların dəyişməsi nə məqsəd daşıyır. Qeyd edək ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.  Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, mühərrikinin silindrlərinin işçi həcmi 50 kubsantimetrdən çox olmayan porşenli daxiliyanma mühərrikli motosikletlər (konstruksiyası ilə (və ya texniki göstəriciləri ilə) müəyyən olunan maksimal sürəti saatda 50 km-dən çox olan və digərləri) üçün idxal gömrük rüsumu 15 faiz olacaq. Maksimal sürəti saatda 50 km-dən çox olan elektrik mühərrikli velosipedlər üçün də 15 faiz idxal gömrük rüsumu müəyyənləşib. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

  İdxal gömrük rüsumuna dəyişikliyi “Sherg.az”a şərh edən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirdi ki, ölkəyə motosiklet, moped, eləcə də velosiped idxalının qarşısı alına bilməz: 

- Qərarla bağlı qeyd edim ki, burada məsələ nəqliyyat vasitələrinin – moped, motosiklet, skuter və digər vasitələrin hesaba alınması, onların uçot dərəcəsinin qeydiyyatının aparılması ilə bağlı işlər görülür. Motosiklet və mopedlərin idarə edilməsində vəsiqələrin alınması üçün ötən il kateqoriyalar müəyyən edilməliydi. Qərar stimullaşdırıcı mahiyyət daşıyır. Burada rüsumların ödənməsi, büdcəyə dəstək məqsədi də var. Məlum dəyişikliyin ölkəyə motosiklet və ya mopedlərin gətirilməsini məhdudlaşdıracağını düşünmürəm. Çünki tələbat varsa, təklif də olmalıdır. Və tələbat qarşılanmalıdır. Motosikletlərə, mopedlərə, həmçinin  velosipedlərə də tələbat var. Bu nəqliyyat növlərinə ehtiyac hiss edilirsə, vətəndaşların ehtiyacı ödənməlidir.