Bakıda mənzil bazarında durğunluq müşahidə edilməkdədir.
Bu barədə "MBA Consulting Group” şirkətinin direktoru Nüsrət İbrahimov deyib.
O qeyd edib ki, hazırda havaların istiləşməsinə baxmayaraq, mənzil bazarında, həyət evlərinin satışında aktvliyin artması hiss edilmir.
“Mənzil bazarına axın yoxdur. Ümumiyyətlə notariuslarda qaydalar sərtləşdiriləndən sonra, yəni 20 min manatdan artıq ödəniş olduqda pulun mənbəyi haqda məlumat təqdim etmək tələb edildikdən sonra bazarda aktivlik aşağı düşdü. Bazarda hələki durğunluq var, artım-azalma müşahidə olunmur”, - deyə o, əlavə edib.
Qeyd edək ki, ümumilikdə ölkə üzrə 2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi 2023-cü ilin mart ayına nisbətən 100,4 faiz təşkil edib. 2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,0 faiz təşkil edib. Eyni zamanda 2024-сü ilin yanvar-mart aylarında tikinti materiallarının istehsalın ümumi dəyəri 274,6 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 34,4 faiz artıb.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov "Sherg.az"a bildirib ki, dəyəri 150 mindən çox olan əmlakların satışında müəyyən qədər aktivlik azalıb:
“İpoteka predmeti olan və dəyəri 150 minə kimi olan daşınmaz əmlakların satışında azalma müşahidə olunmur. Təkliflərin bazarda sayı azdır. Tikinti şirkətləri və vətəndaşlar tərəfindən satışa çıxarılan mənzillər kifayət qədər deyil. Hətta ipoteka götürən şəxslər satışa çıxarılan mənzillərin sayının azlığından əziyyət çəkirlər. Dekabr ayından etibarən ilin sonundakı ipotekaya ayrılan büdcələri bitirmişdilər. O dövrdən sonra ölkədə qiymət artımı əvvəlki illərə nisbətən kəskin şəkildə azaldı. Hətta bəzi seqmentlərdə aktivliyin az olmasından qiymətlərin birazda stabilləşməsi müşahidə olundu. Artıq birinci kvartal bitib. Birinci kvartalın nəticəsinə görə demək olar ki, qiymətlər keçən ildən fərqli olaraq artımı dayanıb. Bazarda aktivlik isə keçən ilin eyni dövrü ilə 20-30 faiz aşağıdır. Torpaq sahələrində isə qiymətlər aşağı düşmür”.