Elektrik enerjisindən istifadə qaydaları dəyişib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən 200 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış sifarişçilərin təqdim etdiyi ərizə və müvafiq sənədlər əsasında keçiriləcək. İndiyə qədər bu hədd 150 kVt nəzərdə tutulmuşdu.
Bu qərara uyğunlaşdırmaq məqsədilə “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”na da analoji dəyişiklik edilib.
İqtisadçı-ekspert Eyyub Kərimli "Sherg.az"a bildirib ki, bu qərar ölkədə enerji təminatının yaxşılaşdırması və enerji xərclərinin azalmasına müsbət təsir edəcək:
“Bu həm də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermerlərin iş fəaliyyətinə yaxşı təsir göstərəcək. Eyni zamanda ucuzlaşamaya da müəyyən qədər təsiri olacaq. Həmçinin təsərrüfat nümayəndələrinin marağı olacaq ki, əlavə enerji əldə etsinlər və bunun əlavəsini dövlət geri sataraq kompensasiya etsinlər. Bu da enerji dəyəri və təsərrüfata çəkilən xərclərin azalmasına, həmçinin enerjinin əl çatanlığına gətirib çıxaracaq. Hər kənddə, qəsəbədə, ev təsərrüfatında, hətta enerji çatmayan yerlərdə də enerjini tətbiq etmək asan olacaq. Ümumumiyyətlə bu dəyişikliyin kənd təsərrüfatı və qeyri neft sektorunun inkişafına müsbət təsirləri olacaq”.