Sosioloq: Cəza mexanizmi güclü olmalıdır ki, başqaları da bu qələti etməsin

Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib. Hazırda faktla bağlı İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Qey  edək ki, Bərdədə 23 yaşlı qız evlənmək məqsədi ilə qaçırılıb. Ailəsi qızın zorla bir neçə nəfər tərəfindən qaçırıldığını iddia edir.
Hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb. Kənd sakini 2001-cı il təvəllüdlü S.A. səhər saatlarında işə gedən zaman avtomobil yolun kənarından həmkəndlisi 45 yaşlı Fərhad Rzayev tərəfindən evlənmək məqsədilə qaçırılıb. Qızın ailəsi zorla qaçırılan 23 yaşlı övladlarının qaytarılmasını istəyir. Ailə üzvləri hadisə ilə bağlı rayon polis şöbəsinə məlumat veriblər.

Azərbaycan filosofu, sosioloq, pedaqoq, fəlsəfə doktoru Mail Yaqub “Sherg.az”a bildirib ki, zorla qaçırılma artıq cinayət əməlidir:

“Belə hallara hüquq mühafizə orqanları və ailə ciddi nəzarət etməlidir. Həmçinin hüququn cəza mexanizmi güclü olmalıdır ki, başqaları da bu qələti etməsin. Ailə isə öz uşaqlarına ciddi nəzarət etməli və nizam-intizam güclü olmalıdır. 23 yaşlı xanımda öz hərəkətinə diqqət etməlidir. Elə yerlərə getməlidir ki, orada cinayətkar maşına basıb qaçırmasın. Bu yönlərdə təbliğat aparılmalıdır. Bəzi hallarda bu qaçırılma zorla olmur. Məsələn 50 yaşlı kişi qızı yaşında bir qızı götürüb qaçırır. Xanıma sual veriləndə deyir ki, özüm istəyərək gəlmişəm. Bu hadisələrin qarşısını almaq üçün maarifləndirici tədbirlər görülməli və danışılmalıdır. Təəssüflər olsun ki, televiziyada ailə məsələlərindən başqa bütün düşük mövzularda danışılır”.