Metronun "28 May" stansiyasının ətrafında yeni yaradılan pul tələsi diqqət çəkib.
Oxu.az-a istinadən bildirir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, insanlar müəyyən məbləğ ödəyərək, turnikə çıxır və onlardan 2-3 dəqiqə turnikdə asılı qalmaq tələb olunur. Bunun öhdəsindən gələn şəxslərə isə 50-100 manat ödəniş olunacağı söz verilir.
Sosial şəbəkələrdə yazılan fikirlərə əsasən, heç kim turnikdə asılı qala bilmir, buna səbəb kimi isə turnikin dəmir hissəsinin yağlı olması iddia edilir.
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı ''Sherg.az''a bildirib ki, son vaxtlar insanlardan pul qoparmaq üçün müxtəlif fırıldaqçılıq və dələduzluq variantları tətbiq olunur:
“Bu kimi hallar aldatma vasitəsidir. Çünki burda hər şey hesablanıb ki, ən azı 90 faizlik gəlir olmalıdır. Elə bir şərt qoyurlar ki, onu etmək maksimum 10 nəfərdən birinə müəssəl olur. Bu artıq vətəndaşların ictimai yerdə aldadılması və soyulmasıdır. Hər hansı faydalı məhsulu kimsə satan zaman tez götürüb yığırlar. Belə zərərli hərəkətlər niyə yığışdırılmır? Bu nə biabırçılıqdır? Yerli icra orqanları və hüquq mühafizə orqanları bunlara nəzarət edib yığmalıdırlar. Açıq şəkildə dövlətin gözünün qarşısında vətəndaşları aldadıb pulunu soyurlar. Bu hərəkəti mənfi qiymətləndirirəm. İnsanların hamısı ağıllı olmadığına görə onların qısa müddətdə çox böyük müştəri kütləsi olur və külli miqdarda pul qazanırlar. Bu hadisələrin qarşısı alınmalı, qadağa qoyulmalı və cəzalandırılmalıdır. Belə halları xaos dövründə 90-cı illərdə gördük. Kart fırladanlar, zər və çoxlu qumar növləri var idi. Əhalini açıq şəkildə soyurdular. Sanki o dövrlərə qayıdırıq. İctimai yerlərdə lotoreya satışı məntəqələrinidə yığışdırmaq lazımdır. Lotoreya açıq-aşkar qumardır. Yüzminlərlə insanın həyatını məhv edir və borca, kreditə salır. Mümkün qədər məhdudlaşdırılmalıdır. İctimai və əlçatan yerlərdə bunlar olmamalıdır. Qadağan olunsa, yaxşı olar. Əgər qadağan olunmursa, o zaman təbliğ və reklam edilməsin. Bu və digər üsulların hər biri qumardır. Qumarda da həmişə qumarı oynadan qazanıb. Dövlət öz vətəndaşlarını qorumaq üçün bunun qarşısını almalı və qadağan etməlidir”.