Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
Ölkədə mövcud biznes mühitinin inkişafı daha da sürətlənməlidir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb. Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələri rəhbər tutularaq “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə” təsdiq edilir. Bundan irəli gələrək Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin (bundan sonra – Reyestr) fəaliyyətinin təşkili, saxlanılması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görülməlidir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Reyestrin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etməli, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, Reyestrin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin edilməli, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti reyestri mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etməli və təhlükəsizlik meyarları üzrə onun monitorinqini həyata keçirməlidir. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birlikdə Reyestrin təhlükəsizliyinin təmin edilməsi məqsədilə digər tədbirlər görülməlidir.
Azərbaycanda KOB-ların mövcud potensialını nəzərə alaraq, onların imkanlarından istifadə olunması mühüm əhəmiyyət kəsb edir. Qəbul edilən qərarlar, imzalanan fərman və sərəncamlar kiçik və orta biznesin inkişafı, sahibkarlıq subyektlərinin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədi daşıyır.
Bu barədə “Sherg.az”a danışan iqtisadçı Fuad İbrahimov qeyd etdi ki, cənab Prezidentin imzaladığı fərman “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanunun məntiqi davamıdır:
- Mövcud qanun, sərəncam və fərmanlar sahibkarlara öz fəaliyyətlərində onlardan lazımınca yararlanmaq imkanı verir. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ölkə iqtisadiyyatında KOB-ların payının artırılması istiqamətində layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu çərçivədə mövcud dəstək mexanizmlərindən istifadə edən KOB-ların əhatə dairəsinin genişləndirilməsi, yeni, daha səmərəli ünvanlı dəstək mexanizmlərinin tətbiqi ilə ölkədə mövcud biznes mühitinin inkişafı daha da sürətlənməlidir. Qanun layihəsi hazırlanarkən də bu sahədəki beynəlxalq təcrübənin öyrənilməsinə diqqət yönəlib. Çalışıldı ki, müasir tələblərə cavab verən hüquqi tənzimləməni özündə ehtiva edən sənəd ölkəmizin sosial-iqtisadi inkişafına töhfə versin. Mövcud qanun mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyir, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edir. Sənəddə istifadə olunan əsas anlayışlar, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericilik, dövlət siyasətinin məqsədləri, prinsipləri və əsas istiqamətləri, sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtləri, dəstəyin formaları, göstərilməsi qaydası və qiymətləndirilməsi, habelə dövlət maliyyə dəstəyi, məsləhət və informasiya dəstəyi, subyektlərin innovasiya, məhsul istehsalı və xidmət sahəsində dəstəklənməsi və digər məsələlərlə bağlıdır. Mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən səlahiyyətli qurumun yanında daimi fəaliyyət göstərən koordinasiya qrupunun yaradılması nəzərdə tutulur. Bununla yanaşı, səlahiyyətli qurum sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini də yaradır. Vahid reyestrin aparılması qaydası və həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə ilə müəyyən edilir. Vahid Reyestrin təşkili sahibkarlıq subyektlərinə əlavə üstünlük verir. Reyestrə daxil edilən KOB-lar maliyyə yardımı almaq, aqro-lizinq dəstəklərindən istifadə imkanı əldə edirlər. Sahibkarlıq subyektləri özləri haqqında məlumatları reyestrə daxil etməklə, özlərini sahibkar olaraq təsdiq etmiş olurlar. Nəticə etibarilə dövlətin, KOBİA-nın dəstəyinə güvənə bilirlər.
Qeyd edək ki, son illərdə ölkəmizdə digər sahələrlə birgə qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar, görülən işlər əhalinin daha təhlükəsiz qida məhsulları ilə təmin olunması ilə yanaşı, bu məhsulların geniş ixracı üçün də imkanlar yaradıb. Ölkəmizdə istehsal olunan bir sıra qida məhsullarının ixracı artıb və bəzi qida məhsullarının istehsalı və ixracında rekord nəticələr əldə olunub. Bu sözləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev deyib. O bildirib ki, ölkəmizdən Avropa İttifaqına akvakulturada yetişdirilən kürünün, müxtəlif dəniz məhsullarının, yun və dərinin ixracına icazələr əldə edilib. “Qazaxıstana atların ixracı bərpa olunub, Rusiyaya ərzaqlıq yumurtanın ixracına icazə alınıb. Həmçinin Avropa İttifaqında fındığın sadələşdirilmiş ixracına və Çinə quş əti və digər quşçuluq məhsullarının ixracına nail olunub. Bütün bunlar qida sahəsində fəaliyyət göstərən subyektlərin öz fəaliyyətlərini beynəlxalq standartlara uyğunlaşdırması və istehsal olunan məhsulların təhlükəsizlik və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə mümkün olub. Bu istiqamətdə agentlik hər zaman sahibkarlara metodiki dəstək göstərir və qanunvericilik çərçivəsində səmərəli fəaliyyətin qurulması üçün tənzimləmə tədbirlərini həyata keçirir. Məsələn, Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə Ağdam, Ağcabədi və Bərdə rayonlarının ərazisində yerləşən ümumilikdə 86 soğan təsərrüfatında fitosanitar müşahidələr aparıb, məhsuldan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında müvafiq parametrlər üzrə müayinələrə cəlb edilib. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin məlumatına görə, müayinələr və simptomların təhlili nəticəsində müəyyən olunub ki, hazırda soğan sahələrində mövcud olan problemin əsas səbəbi tütün tripsi və göbələk mənşəli soğan yarpağının çürüməsi xəstəliyidir. Tütün tripsi ilə yanaşı, digər sorucu həşəratların da səbəb olduğu göbələk və virus mənşəli bitki xəstəlikləri, eləcə də soğan məhsulunun saxlama şərtlərinə əməl edilməməsi də problemə təkan verən amillərdir. Ona görə də Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları təsərrüfatlarda yayılmış xəstəlik və zərərvericilər haqqında və onlarla mübarizə mövzusunda sahibkarlarla maarifləndirici görüş keçirib. Bunu da qeyd edək ki, bu günlərdə Bakıda ölkənin qeyri-neft sektorunda prioritet sahələrdən olan kənd təsərrüfatı və qida sənayesi üzrə beynəlxalq sərgi keçiriləcək. Sayca 17-ci olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri mayın 15-17-də Bakı Ekspo Mərkəzində keçiriləcək. Bu barədə “Caspian Event Organiser” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə mətbuat konfransında məlumat verib. O bildirib ki, sərgilərdə əhatə olunan sənaye sahələrinə dövlət tərəfindən xüsusi diqqət yetirilir. “Caspian Agro” sərgisinə Kənd Təsərrüfatı Nazirliyi təşkilati dəstək göstərir. Bundan başqa, Qida Təhlükəsizliyi Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası sərgiləri fəal şəkildə dəstəkləyirlər. Ümumilikdə sərgilərdə Azərbaycanla yanaşı Avropa, Asiya ölkələrinin təmsilçiləri iştirak edərək öz kənd təsərrüfatı və qida sənayesi məhsullarını təqdim edəcəklər. Bu il Türkmənistan və Venesuela sərgidə ilk dəfə iştirak edir. Onların iştirakı kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlığın coğrafiyasını və miqyasını genişləndirir, təcrübə və texnologiyalar mübadiləsi üçün yeni perspektivlər açır. Bu gün Azərbaycan da öz növbəsində ərzaq təhlükəsizliyi ilə bağlı bu cür əməkdaşlığa və çağırışlara hazırdır. Bütün iştirakçıların 30 faizdən çoxu “Made in Azerbaijan” brendi altında məhsullarını təmsil edən yerli şirkətlərdir. Bu, qlobal kənd təsərrüfatı sənayesində yerli istehsalın inkişafının və rəqabət qabiliyyətinin parlaq nümunəsidir. Azərbaycan da iqtisadiyyatın şaxələndirilməsi yönündə kənd təsərrüfatı və qida sənayesinə üstünlük verən bir ölkə olaraq bu sektorları fəal şəkildə inkişaf etdirir. “Caspian Agro” regionun ən böyük kənd təsərrüfatı sərgisidir. Aqrar-sənaye sektoru iqtisadiyyatın sürətlə inkişaf edən və böyük perspektivləri olan sahəsidir. Sərgi yenidən kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar ziyarətçi auditoriyasını bir araya toplayacaq. “Caspian Agro”nun əsas bölmələrinə kənd təsərrüfatı texnikası, kənd təsərrüfatı obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, istixana, yemlər, baytarlıq, bitkiçilik, gübrə, meyvə və tərəvəzlərin yetişdirilməsi daxildir. Eləcə də 15-17 may tarixlərində, Bakı Ekspo Mərkəzində Xəzər regionunda qida sənayesi nümayəndələrinin əsas görüş yeri olan 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi “InterFood Azerbaijan” təşkil ediləcək. Həmçinin diqqətə çatdırılıb ki, “InterFood Azerbaijan” − sərgi iştirakçılarının öz məhsullarının real satışını həyata keçirdikləri, öz şirkətləri üçün distribütorlar və nümayəndələr tapdıqları fürsət məkanıdır. Vahid platformada dondurulmuş qidalar və yarımfabrikatlar, qənnadı və un məhsulları, konservləşdirilmiş qidalar, ət məmulatları, süd məmulatları, meyvə-tərəvəzlər, yağ məhsulları, şirələr, çay, sağlam qidalar, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar, paketlər və bir sıra digər məhsullar təqdim olunacaq.