Ekologiya və ətraf mühitin mühafizəsi
Bakıda müzakirə olunur
Azərbaycan Diplomatiya Akademiyasında İqlim-Su Zirvəsi keçirilib. Tədbirdə dövlət və akademik qurumlar, beynəlxalq təşkilatlar və özəl sektor ekspertləri iştirak edib. Çıxış edənlər arasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ADA Universitetinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisinin nümayəndələri, eləcə COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri, baş icraçı direktoru, Türkiyənin Dayanıqlı Gələcəyi üzrə Komissiyanın sədri və "Aqualink" şirkətinin icraçı direktoru olub. Tədbirdə iqlim dəyişikliyi və onun fəsadları, ətraf mühitə və insan sağlamlığa dəyən ziyanların aradan qaldırılması yolları, su ehtiyatlarının qorunması və sair qlobal problemlər müzakirəyə çıxarılıb, mütəxəssislər arasında fikir mübadiləsi aparılıb. Azərbaycan Meliorasiya Elmi-Tədqiqat İnstitutunun Baş direktoru Mir Mövsüm Dadaşev çıxışı zamanı qeyd edib ki, iqlim dəyişikliyi səbəbindən su ehtiyatlarında azalma hiss olunur. Azərbaycan iqlim dəyişikliklərinə son dərəcə diqqətlə mübarizə aparır. Onun sözlərinə görə, Su Ehtiyatları Agentliyi tərəfindən alternativ su mənbələrindən istifadə, su sahəsində rəqəmsallaşmanın tətbiqi kimi uyğunlaşdırma tədbirləri aparılır. "Ölkəmizdə keçiriləcək COP29 iştirakçılara yeni öhdəliklər götürmək və yeni addımlar atmaq üçün əlverişli fürsətdir. Məqsədimiz iqlim dəyişikliklərinə qarşı mübarizə çərçivəsində həll yollarını müzakirə etmək və yeni innovativ mübarizə üsullarını tapmaqdır". İqlim dəyişiklikləri dünya ictimaiyyətini ciddi narahat edir. Bu sözləri isə tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov deyib. O, iqlim dəyişmələrinin su ehtiyatlarına olduqca mənfi təsir etdiyinə diqqət çəkib: “Ölkədə su obyektləri üzərində müşahidələr aparılır. Biz qlobal istiləşmənin bu sahədə yaratdığı fəsadların şahidi oluruq. Məhz bu səbəbdən, Azərbaycanın su ehtiyatlarında 15 faizə qədər azalma var”. Ə.Əsgərov bu il COP29-un Azərbaycanda keçirilməsini mühüm hadisə kimi dəyərləndirib: “COP29-da yaşıl planet və sağlam gələcək naminə üzləşə biləcəyimiz problemləri idarə etmək üçün geniş müzakirələr aparılacaq”. BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçi çıxışı zamanı qeyd edib ki, qlobal istiləşməyə səbəb olan qaz emissiyaları 2019-cu ildəki səviyyə ilə müqayisədə 2030-cu ilədək 43 faiz azaldılmalıdır. "Yaxın bir neçə il ərzində qlobal temperaturun 1,5 dərəcəyədək artmasını məhdudlaşdıra və bu səviyyədə saxlaya bilib-bilməyəcəyimiz bir çox baxımdan müəyyən olunacaq", - deyə o bildirib. BMT nümayəndəsi qeyd edib ki, qaz emissiyaları 2025-ci ilədək artıq pik həddə çatacaq. "Dubayda keçirilən COP28 konfransında qəbul edilən konsensus bütün ölkələri qazıntı yanacağından imtina etməyə və sıfır səviyyəyə salmağa, eləcə də, bütün iqtisadiyyat üçün milli hədəf töhfələri təqdim etməyə çağırır", - deyə Kanako Mabuçi əlavə edib. BMT Azərbaycanın sədrliyi altında COP29-dan mühüm nəticələr gözləyir. Bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva "GSMA M360 Eurasia 2024" konfransında çıxışı zamanı danışıb. "COP29-dan gözləntilər böyükdür. Buraya həmçinin iqlim konfransına qoşulmuş 195 ölkə üçün yeni kollektiv maliyyə hədəfinin razılaşdırılması, eləcə də istixana qazlarının emissiyalarının azaldılmasındakı uğurları əks etdirən şəffaflığa dair hesabatların qəbul edilməsi daxildir", - deyə o bildirib. Onun sözlərinə görə, COP29 hökumət, özəl sektor və elmi ictimaiyyət ilə birlikdə Azərbaycanın iqlim ambisiyalarını dəstəkləməyə və 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini reallaşdırmağa imkan verəcək. "Həmçinin COP28-də əldə edilmiş razılaşmaların icrasını təmin etmək və yadda saxlamaq lazımdır ki, ÇNL birdəfəlik tədbir deyil, keçmiş COP28, gələcək COP29 və COP30 da daxil olmaqla, müxtəlif ölkələrin sədrliyi ilə keçirilən bir neçə sessiyanı əhatə edən uzunmüddətli prosesdir", - deyə o əlavə edib. “Su ehtiyatlarının çatışmazlığı səbəbindən rəqabətin artması ölkələr arasında fikir ayrılıqlarının mənbəyi ola bilər”. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) eksperti Aynur Seyidyusif deyib. Onun sözlərinə görə, su qıtlığı məişət istehlakı, kənd təsərrüfatı və sənaye kimi müxtəlif sahələrə mənfi təsir göstərir. “Son illərdə su qıtlığı mövzusu fəal şəkildə müzakirə olunur və su ehtiyatları iqlim dəyişmələri kontekstində mühüm rol oynamağa davam edir. Vaxtında görülən tədbirlər su ehtiyatlarının azalmasının qarşısını almaq üçün mühüm əhəmiyyət kəsb edir", - deyə ekspert bildirib. O qeyd edib ki, bu sahədə ölkə daxilində və beynəlxalq səviyyədə ölkələr arasında su ehtiyatlarının idarə olunması üzrə diplomatik və texniki müzakirələr vasitəsilə iki istiqamətdə iş görülür. "Bu səylər su ehtiyatlarının qorunub saxlanmasında və artmasında mühüm rol oynayacaq. Kənd təsərrüfatının dünyada ən intensiv su istehlakçılarından biri olduğunu nəzərə alsaq, suyun yeni texnologiya və innovasiyaları tətbiq etməklə daha rasional istifadəsi FAO-nun fəaliyyətində öz əksini tapıb", - deyə Aynur Seyidyusif əlavə edib.
Qeyd edək ki, Bakıda keçirilən “GSMA M360 Eurasia 2024” konfransının gedişində də iqlim dəyişikliklərinin yaratdığı fəsadlara və onların aradan qaldırılması məsələlərinə toxunulub. Konfrans çərçivəsində təşkil olunan “COP29-un qurulmasında iqlim öhdəliklərinə yeni həyat nəfəsi” adlı paneldə çıxış edənlər maraqlı fikirlər və təkliflər səsləndiriblər. “McKinsey & Company”nin Mərkəzi Asiyadakı telekommunikasiya təcrübəsi rəhbəri Alima Zimanova paneldə çıxışı zamanı bildirib ki, telekommunikasiya şirkətləri ən çox emissiya buraxan şirkətlərdir: “Araşdırmaya görə, müştərilər yaşıl sertifikatlara 30 faiz artıq ödəniş etməyə hazırdır. Operator qrupları emissiyaların azaldılması üzrə öhdəlik götürüblər. Onların əksəriyyəti 2030-cu ili özlərinə hədəf seçib. Bəzi operatorlar bu mövzuda digərlərindən daha uğurludur. 80-90 faiz emissiyalar geri qaytarılandır. Lakin emissiyaları azaltmaq daha səmərəli ola bilər. Aktiv infrastrukturdan istifadə enerjiyə ən çox qənaət edə biləcəyimiz sahədir. Avropada bu işləri həyata keçirmək daha asandır. Biz yalnız özümüz üçün yox, gələcək nəsillər üçün yaşıl enerjidən istifadə etməliyik”,- deyə o bildirib. "Huawei" Rəqəmsal Sənaye Mükəmməllik Mərkəzinin rəhbəri Safder Nazir çıxışında bərpaolunan enerji ilə təmin edilən məlumat mərkəzlərinin səmərəli ola biləcəyi fikrini önə çəkib. O bildirib ki, sənayelər üçün öhdəliklərini başa düşmək çətin olur: “Şirkətlər öz kampuslarını sıfır emissiyaya endirməlidir. Binalarda texnoloji həllərin istifadə edilməsi enerji istifadəsini azaldacaq. Biz texnologiya ilə hər bir alətin nə qədər enerji istifadə etdiyini və süni intellektlə bunu azaltmağın yolunu tapmağa nail olmuşuq. Hökumətlər də biznes şirkətlərini bu işə təşviq etməlidir”. “2050-ci ilə qədər emissiyaların 40 faizə qədər endirilməsi əsas hədəflərimizdəndir”. Bu barədə Azərbaycan Bərpa Olunan Enerji Agentliyinin Hidrogen və Yaşıl Texnologiyalar Departamentinin rəhbəri Rəna Hümbətova “GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən “COP29-un qurulmasında iqlim öhdəliklərinə yeni həyat nəfəsi” adlı paneldə çıxışı zamanı deyib. O bildirib ki, azad edilən ərazilərdə sıfır emissiya zonası tərtib edilməsi düşünülür. “Bərpaolunan enerji gücünü və enerji səmərəliliyini 2030-cu ilə qədər iki dəfə artırmağı hədəf götürdük. Azad edilən ərazilərdə kiçik su elektrik stansiyalarının yaradılması səmərəlidir. Növbəti illərdə də bu kimi stansiyalar istifadəyə veriləcək. Bununla yanaşı, digər islahatlar da həyata keçiririk. Ölkənin bərpaolunan enerji atlasının hazırlanması nəzərdə tutulur. Biz bu istiqamətdə çox böyük addımlar atmışıq. Artıq informasiya sistemi tərtib olunur. 2026-ci ilə qədər informasiya sistemi istifadəyə tam yararlı olacaq”, - deyə o bildirib.
Ölkəmizdə keçirilən beynəlxalq konfransların, zirvə görüşlərinin əhəmiyyətini vurğulayan ekoloq Rövşən Abbasov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu səpkili tədbirlər qlobal problemlərin həllinə nail olunması üçün uğurlu platformalardır:
- Məlumdur ki, ölkəmiz COP-29-a hazırlaşır. Bu, qlobal – dünya əhəmiyyətli bir tədbir olacaq. Hazırda Bakıda keçirilən beynəlxalq tədbirlər də COP-29-a bir növ hazırlıq məqsədi daşıyır. İştirakçılar fikir mübadiləsi aparır, təkliflər səsləndirir. Bu təkliflər elmi əsaslara söykənən təkliflərdir. Nə etməliyik ki, dünyamız daha təhlükəsiz, yaşana bilən planet olsun? Bunun üçün bəli, bütün dövlətlər beynəlxalq aləm qarşısında götürdükləri öhdəliklərə əməl etməlidirlər. İstixana qazlarının azaldılması, atmosferə daha az zəhərli qazların ötürülməsi, bərpaolunan enerjilərdən, “yaşıl enerji”dən istifadəyə daha geniş yer verməklə planeti xilas etmək mümkündür. COP-29-un Azərbaycanda keçirilməsi qərarı o deməkdir ki, ölkəmiz qlobal iqlim dəyişmələri ilə mübarizədə aparıcılığı ələ almaqdadır. Təkcə işğaldan azad olunmuş ərazilərdə hazırda aparılan tikinti-quruculuq işləri zamanı “yaşıl enerji” və bərpa olunan enerjidən istifadəyə önəm verilməsi bunu sübut edir. Azərbaycan bu sahədə bir çox ölkələrə örnəkdir.