Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Doğum sayının azalan xətt üzrə getməsi bir müddət sonra çox ciddi fəsadlar verəcək
"Hər ailədə ən azı 3 uşaq olmalıdır. Buna da dövlət kömək etməlidir. Çünki bu uşaqlar həm də dövlətin uşağıdır”
Azərbaycanda əhalinin təbii artım tempi aşağı düşüb. Cari ilin 3 ayı ərzində Azərbaycan əhalisi 9016 nəfər artıb, sayımız 10.189.786-ə çatıb. Bu o deməkdir ki, 2024-cü ilin sonu üçün artım orta hesabla 36 min nəfər olacaq.
Azərbaycan ən çətin dövrlərində, iqtisadi gərginlik zamanı, çörəyin növbəli vaxtlarında, ərazisi işğalda olanda belə ölkədə illik əhali artımı bundan ən azı iki dəfə çox idi.
Statistikaya baxaq: 2001-ci ildə (bütün rəqəmlər 1 yanvara aiddir – red.) 82 min, 2002-də 77 min, 2003-də 78 min, 2004-də 70 min, 2005-də 98 min, 2006-də 104 min, 2007-də 113 min, 2008-də 113 min, 2009-da 117 min, 2010-da 101 min, 2011-də 114 min, 2012-də 124 min, 2013-də 121 min, 2014-də 121 min, 2015-də 116 min, 2016-da 112 min, 2017-də 105 min artım qeydə alınıb. Yəni 2001-ci ilə qədər artan artım dinamikası aşağı-yuxarı, 2017-ci ilə qədər davam edib və 100 minin üstündə olub.
Yalnız 2018-ci ildən başlayaraq Azərbaycanda artım tempi 100 minin altına düşüb – 2018-də 88 min, 2019-da 83 min, 2020-də 93 min, 2021-də 54 min, 2022-də 37 min, 2023-də 64 min, 2024-də isə 53 min artım qeydə alınıb. Bu ilin sonuna isə - yəni 1 yanvar 2025-ci ilə - dediyimiz kimi, 36 min artım gözlənilir.
Yaxşı, nə baş verdi ki, 2018-ci ildən azalmağa başlayan artım sayı 2021-dən sürətləndi və il keçdikcə ciddi şəkildə enmə davam edir.
Halbuki Beynəlxalq Valyuta Fondunun (IMF) 2021-ci il hesabatında Azərbaycan əhalisinin sayının 2022-ci ildə 10,345 milyona, 2023-cü ildə isə 10,469 milyona çatması proqnozlaşdırılırdı. Əvəzində 2024-ün 1 apreli üçün sayımız 10.189.786-dir. Daha maraqlı bir göstərici də var: 2000-ci ildə şəhər əhalisi 51,1 faiz, kənd əhalisi 48,9 faiz idisə, 2024-ci ilin 1 yanvarına bu rəqəm 54,5 faiz və 45,5 faizdir.
Kənd əhalisi sürətlə azalır, şəhər əhalisi artır və əhalinin illik artım faizi də enir, həm də qorxulu səviyyədə. Belə çıxır ki, bir neçə ildən sonra Azərbaycanda əhali sayının azalmasını görəcəyik. Bu, həyəcan olmalıdır. Xatırladaq ki, bəzi ekspertlər Azərbaycanda əhalinin sürətli artımından narahatlığını ifadə etmişdi. Görünür, əhalinin sürətli artımından yox, azalmasından narahat olmalıyıq. Axı bizim Cənubi Qafqazın lider ölkəsi olmağımızın səbəbi həm də əhali sayıdır. Necə ola bilər ki, 10 milyondan çox əhalinin də illik artımı 35 min civarında olsun, 2 milyonluq Ermənistanın da?
Ekspertlər isə hesab edir ki, 2018-ci ildən başlayaraq Azərbaycanda artım tempinin aşağı düşməsinə həm COVID-19-dan ölənlər, həm də müharibədə şəhid olanlar təsir edib. Doğum sayındakı azalma isə onunla əlaqədardır ki, 18-20 il bundan əvvəl doğulanların sayı az olub və o vaxt doğulan qız uşaqları indi ana olma yaşına çatıblar. Yəni analıq yaşına çatan qadınların sayının azalması buna təsir edib.
Sosioloq, professor Əhməd Qəşəmoğlu isə “Sherg.az"a açıqlamasında deyib ki, son illərdə yeni doğulan uşaqların sayının azalması, bunun da nəticəsində təbii artımın aşağı düşməsi müəyyən müddət sonra ciddi nəticələrə gətirib çıxara bilər.
Professor hesab edir ki, Azərbaycanda artım bu templə davam etsə, demoqrafik təhlükə bizim üçün qaçılmaz olacaq:
“Ölkədə əhali get-gedə azaldıqda həmin ölkəyə miqrantlar axın edirlər. Ölkəyə miqrantlar gəldikdə etnik tərkib dəyişir. Etnik tərkib dəyişdikdə isə xeyli problemlər ortaya çıxır. Biz bu problemləri Avropada müşahidə edə bilirik.
Azərbaycanda isə uzun əsrlər demoqrafik artımla bağlı heç bir çətinlik yaşanmayıb. Amma son onilliklərdə vəziyyət dəyişir və bizdə artıq doğumun azalması və əhalinin qocalması tendensiyası yaranıb. Əgər biz demoqrafiya sahəsindəki problemlərə əhəmiyyət verməyib, prosesləri öz axarına buraxsaq, əhali sayının artımının azalması yox, hətta sayın özünün kəskin azalması mümkün variantdır. Hökumət mütləq əhalinin təbii artım səviyyəsinin aşağı düşməsinin qarışısını almaq üçün mütləq dövlət proqramları hazırlayıb, həyata keçirməlidir”.
Professorun sözlərinə görə, doğum sayının azalan xətt üzrə getməsi bir müddət sonra çox ciddi fəsadlar verəcək. Ölkədə yaşlı adamların sayı artacaq, əhali arasında gənclər azlıq təşkil edəcək:
“Ailə qurmayan və ya ailə qurub uşaqları olmayan ailələr də var və buna görə də bir-iki uşaq doğulanda əhali azalır: "Hər ailədə ən azı 3 uşaq olmalıdır. Buna da dövlət kömək etməlidir. Çünki bu uşaqlar həm də dövlətin uşağıdır. Məsələn, gənclərin sayı azalanda əsgərlərimizin sayı da azalacaq. Bütün bunlar ciddi məsələlərdir, dərindən təhlil olunmalı, xüsusi konsepsiyalar hazırlanmalıdır. Uzun müddət Azərbaycanda doğum səviyyəsi ilə bağlı problem yox idi və çoxları hesab edirdi ki, bunu stimullaşdırmağa ehtiyac yoxdur. Amma indi statistika narahatlıq yaratmağa başlayıb. Dəstək tədbirlərindən yalnız uşaq doğulanda 500 manat birdəfəlik müavinət verilir. Bu, kifayət deyil, çünki həmin vəsait uşağın doğum xərcini belə ödəmir.
Nəticədə, ailələrdə uşaq sayı minimuma enib. Beynəlxalq təşkilatların proqnozları və müşahidə etdiyimiz tendensiyalar vəziyyətin ciddiliyini açıq şəkildə göstərir. Artıq biruşaqlı ailə modelinə keçmişik, iki-üç uşaqlı ailələr getdikcə azalır. Bir millətin varlığını davam etdirməsi üçün orta hesabla hər ailədə ən azı 3 uşaq olmalıdır”.
Sosioloq həmçinin qeyd edib ki, ailələrdə uşaqların sayının kəskin azalması təkcə sosial-iqtisadi problemlərlə bağlı deyil. Varlı ailələrin əksəriyyəti bir və ya iki uşaqdan çox istəmir. Həyat tərzi, mənəvi dəyərlər, psixologiya - hər şey dəyişib. Çoxları artıq özlərini uşaqlara həsr etmək istəmirlər. Bir sıra başqa obyektiv səbəblər də var:
"Nikahların sayı azalıb, sonsuzluq artıb. Bütün bu səbəblər bizi demoqrafik fəlakətə sürükləyir. İndi tədbir görməsək, sonra gec olacaq”.