Əgər ilkin qiymət belə olacaqsa, deməli, həqiqətən də, taksi xidmətində inhisarçı əl var
“Ən əsas problem 100 min insanın işsiz qalması, 300 min insanın isə çörək qapısının bağlanmasıdır”
Taksilərdə minimal gediş haqqının iyunun 1-dən etibarən 4 manat 50 qəpik olacağı deyilir. Bu məlumat sosial şəbəkələrdə yayılıb. Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Bakupost.az –a bildirib ki, taksi qiymətlərinin artırılması gözləniləndir: “Bundan əvvəl də publik çıxışlarımızda deyirdik ki, aşırı tənzimləmə mexanizmlərinin, qadağaların tətbiqindən sonra bazarda taksi sayı azalacaq. Taksi sayının azalması təbii ki, qiyməti artıracaq. Bu, gözlənilən idi". Ekspert qeyd edib ki, Azərbaycanda taksi sisteminin tənzimləmə mexanizmləri sərtləşdirilir: "Bu zaman yeni parametrlər və qaydalar müəyyənləşdirilir. Onların yerinə yetirilməsi isə əlavə vəsait tələb edir. Bu səbəbdən bir çox hallarda köhnə avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olanlar bazardan çəkilir. Nəticədə taksi xidməti ilə məşğul olanların sayı azalır və iqtisadiyyatın “qızıl qanunu” işə düşür. Təklif azalırsa, tələb yerində qalırsa, qiymət qalxır. Çox güman ki, bu, ilk addımdır. Növbəti aylarda taksi xidməti ilə məşğul olanların sayı azaldıqca, qiymətin yenidən artması mümkündür”.
Sosioloq İlqar Hüseynli “Sherg.az"a açıqlamasında problemin qaynağını göstərdi:
"Əvvəla, onu deyim ki, 4.50 qəpik çox böyük rəqəmdir. Məsafədən asılı olmayaraq ilkin qiymətin 4.50 qəpik təyin edilməsi inandırıcı deyil. Amma ola da bilər. Çünki taksi xidməti sahəsində inhisarçılığın əlamətləri görünür. Nə qədər ki taksi xidmətində rəqabət vardı, taksilər normal şərtlər daxilində fəaliyyət göstərirdi, taksi şirkətləri də qazanırdı, sürücülər də evlərinə çörəkpulu aparırdılar, sərnişinlər də qiymətdən razı idi. Taksi xidməti özünü yaşada bilirdi. Amma elə ki inhisarçılıq ortaya çıxdı, problemlər yarandı. Bilirsiz, gəlin, belə danışaq. Mən qaydaların tətbiqinin əleyhinə deyiləm. Yeni tələblər, qaydalar arasında elələri var ki, haqlı tələblərdir. Taksilər estetik, təmiz və təhlükəsiz olmalıdır. Rəng məsələsini müzakirə etmək olar, hansı rəng daha uyğundur və sair. Məsələn, qardaş Türkiyədə sarı taksilər əksəriyyət təşkil edir. Müştərilər də məhz sarı taksiləri daha çox sifariş edirlər. Sarı rəng gözəçarpandır. Orda ağ rəngli taksilər də var, amma sarı taksilərə daha çox üstünlük verilir. Bizdə niyə qırmızı və ağ rənglər seçilib, bunun izahını verən də yoxdur. Taksi şirkətlərinin hər birinin öz etiketinin olması məqsədəuyğundur. Taksi parkının yenilənməsi də vacibdir, həmçinin avtobus parklarının da. Baxmayaraq ki, hazırda paytaxtda “Bakubus” avtobusları daha çoxdur, amma istifadə müddəti bitmiş, sınıq-salxaq, güclə hərəkət edən avtobuslar da qalır. Bəli, taksi parkının yenilənməsi vacibdir, lakin nəzərə alaq ki, avtomobillər hər il texniki baxışdan keçir. Texniki nasazlığı olan avtomobilin xəttə çıxmasına icazə verilməsin, bununla da məsələ həll olunsun. Avtomobil sahibləri hər il texniki baxışa nə qədər pul xərcləyir. Mən hələ bu məsələdə rüşvət hallarının olmasından danışmıram. Bir halda ki hər il avtomobillər texniki baxışdan keçirilməlidir, o zaman 5 il, 8 il yaş həddi qoymaq nəyə lazımdır? Başqa problem taksi dayanacaqları ilə bağlıdır. Paytaxtda hələ də taksi dayanacaqları yoxdur. Türkiyədə bu məsələ çoxdan həllini tapıb. Taksi dayanacaqları var və bu dayanacaqlar avtomatlaşdırılıb. Sərnişin dayanacaqda birbaşa taksi sifariş edə bilir. Bizdə belə bir şərait varmı? Xeyr. Biz taksini telefonla - onlayn sifariş edirik. Sonra da “konum” atmağa başlayırıq, ora gəl, bura gəl, deyə. Ünvanların çoxu sistemə daxil deyil. Taksi sürücüsü ünvanı tapa bilmir. Bir taksidən digərinə ötürülür sifarişlər".
Bu problemlərlə yanaşı İ.Hüseynli ən əsas problemə də toxundu:
"Ən əsas problem 100 min insanın işsiz qalması, 300 min insanın isə çörək qapısının bağlanmasıdır. Rəsmi olaraq 67 min taksinin qeydiyyatda olduğu bildirilir. Qeyri-rəsmi, bölgələrdən şəhərə gələnləri, qeydiyyatdan kənar qalanları da əlavə etsək, təxminən 100 min edir. Deməli, 100 min insan dünənədək çalışırdı, işləyirdi, ailəsinə qazanc aparırdı. Hər ailədə azı 3 nəfərin olduğunu da nəzərə alsaq, 300 min edir. Deməli, yeni qaydalar 300 min insanın dolanışığına mənfi təsir edəcək. Bu insanlar nə edəcəklər, harada işləyəcəklər, onlara hansı alternativ iş təklif olunur? Bu qədər insanı işlə təmin etmək kimsəyə asan gəlməsin. Qaydalar tətbiq edilirsə, işçilər də nəzərə alınmalıdır. Yaxşı olardı ki, hökumət minlərlə insanın işsiz qalacağını nəzərdən qaçırmayıb onlara güzəştli şərtlərlə avtomobil təklif etsin. Taksi sürücüləri bu avtomobillərdən istifadə edərək həm qazanc əldə etsinlər, həm də dövlətə vergi ödəsinlər".
İ.Hüseynli taksi tariflərinin tənzimlənməyən qiymətlərə aid olduğunu vurğulayaraq tarifləri şirkətlərin müəyyən etməli olduğunu bildirdi:
" Günorta saatlarında, “ças-pik” olmayan saatlarda qiymət 3 manatdan çox olmamalıdır. Amma saat 4-dən sonra 21:00-dək qiymət 6-7 manat ola bilər. Çünki bundan aşağı qiymət taksi şirkəti üçün də, sürücü üçün də insafsızlıq olar. Bəzən avtomobillər saatlarla tıxacda qalır. Bunu nəzərə almaq lazımdır. İlkin qiymət 1 manatdan başlamalıdır. Qiymət məsafədən asılı olaraq dəyişməlidir. Taksometrlər quraşdırılacaqsa, sərnişin məsafəni və qiyməti özü görəcək. Bir qədər də gözləyək. İyunun 1-dən sonra məsələ aydınlaşacaq. Əgər taksilərdə ilkin qiymət yayılan məlumatda göstərildiyi kimi 4.50 qəpik olacaqsa, deməli, həqiqətən də, taksi xidmətində inhisarçı əl var. Əsas məqsədin ictimai nəqliyyatdan istifadəni stimullaşdırmaq olduğu deyilir. Lakin ictimai nəqliyyat sektorunda problemlər həllini tapmayıbsa, sərnişin avtobusları digər avtomobillərlə yanaşı tıxaclarda ilişib qalırsa, gec saatlarda işdən qayıdanlar avtobus tapmırsa, avtobuslar xəttə çıxmırsa, ən uyğun və sərfəli nəqliyyat vasitəsi olan taksiləri bu şəkildə dövriyyədən çıxarmaq insanları yolda qoymaq deməkdir. Axşam saat 21:00-dan sonra evinə qayıdan sadə insanlardır. O insanlar ki günlük işlərdə, günəmuzd çalışırlar. Bu adamlar dünənədək taksiyə 1 manat, 2 manat ödəyib evinə gedirdi. Onların 4 manat ödəmək imkanı olacaqmı?".