Keçən il ailə münaqişəsi və qısqanclıq zəminində qadınlara qarşı ölümlə nəticələnən cinayətlərin sayı açıqlanıb.
Bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.
Qeyd edilib ki, 2023‐cü ildə ailə münaqişəsi və qısqanclıq zəminində qadınlara qarşı ölümlə nəticələnən 49 cinayət (2022‐ci ildə 51) qeydə alınıb.
2023‐cü il ərzində məişət zorakılığı ilə bağlı baş vermiş cinayət hadisələri üzrə 1513 (2022‐ci ildə ‐1475) zərərçəkmiş şəxsdən 1224‐ü (2022‐ci ildə ‐ 1196) qadın olub, onlardan 1173‐ü (2022‐ci ildə ‐ 1132‐i) xəsarət alıb. Məişət zorakılığı ilə bağlı ölən qadınların sayı 49 (2022‐ci ildə ‐ 51) olub, onlardan 47‐i qəsdən adam öldürmə (CM‐in 120‐ 122‐ci maddələri nəzərdə tutulur) cinayətinin, 1‐i özünü öldürmə həddinə çatdırılma, 1‐i isə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin qurbanı olub.
Bəs zorakılıq qətllə nəticələnə bilən qısqanclığın qarşısını necə almaq olar? Qarşı cinslə münasibətdə “sıfır” qısqanclıq mümkündür?
Məsələ ilə bağlı “Sherg.az”a danışan psixoloq-konsultant Zeynəb Əyyubova bildirib ki, birinin qısqanclıq səviyyəsinin həddindən artıq olması uşaqlıq travması ilə əlaqədardır:
"Bu qadınlarda ata, kişilərdə isə ana ilə bağlı travmadan qaynaqlanır. Ancaq Azərbaycanda qısqanclıq səbəbindən törədilən cinayyətlərin çoxu "qeyrət", "mental dəyərlər" ucbatından baş verir. Bəzən hansısa kişi həyatyoldaşının ona etdiyi səhvdən dolayı deyil də daha çox cəmiyyətin baxış bucağını nəzərə alır. Qısqanclıq insanın yaradılışından bəri var. Qısqanclığın növləri və həddləri fərqlidir. Ancaq bunun qarşısını almaq üçün sivil yolla danışmaq, hərəkət etmək və münasibətləri düzəltmək lazımdır. Bir münasibətdə yolunda getməyən bir şeylər varsa, ya düzəltməyə cəhd etməliyik, ya da sonlandırmalıyıq. Bax bu zaman ölümlərin sayı azalar. Kişiliyi sübut etmək üçün səhvinə görə qadını öldürməyi dəstəkləyənlərin düşüncələri dəyişsə,problem həll olunar. Ancaq bir ailədə sıfır qısqanclıq varsa, bu artıq sevgisizliyə işarət edir".