Filosof: Kişi müəllimlərin azlığı uşaqlarda...

Təhsil müəssisələrində, xüsusilə ümumtəhsil məktəblərində kişi müəllimlərin sayının az olduğunu nəzərə alaraq, təhsil sahəsinə kişilərin cəlb edilməsini stimullaşdıran tədbirlərin müəyyən olunması təklif edilib.
 Bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.
O cümlədən həyat yoldaşlarının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara verilən 14 günlük ödə nişsiz məzuniyyətin ödənişli əsaslarla olması üçün qanunvericiliyə dəyişikliklərin edilməsi də təkliflər sırasında yer alıb.

Azərbaycan filosofu, sosioloq, pedaqoq, fəlsəfə doktoru Mail Yaqub “Sherg.az”a bildirib ki, bu təklifləri yüksək qiymətləndirir:

"Təhsil sahəsində mütləq kişi müəllimlərinin sayı artırılmalıdır. Çünki qadınların çoxunun pedoqoji fəaliyyətə cəlb olunması uşaqlarda psixoloji problemlər yarada bilər. Burada nisbiliyin qorunmasına xüsusi əhəmiyyət verilməlidir. Ona görə də kişilərin müəllimliyə cəlb edilməsi üçün dövlət təşviqat işlərini gücləndirməli, onların  əməkhaqları yüksəldilməlidir.  Məktəb özü də bir cəmiyyətdir. Elə ailələr var ki, ata ilə ana ayrılıb. Belə uşaqlar isə xeyli əziyyət çəkir. Çünki onların rol modeli olmur. Həmçinin, bu nüans məktəb üçün də keçərlidir".