Həmyaşıdları ilə sağlam dostluq münasibətlərinin qurulması uşağın inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Uşaqlar dostları ilə əlaqə qurur, əylənir və birlikdə kəşf edirlər. Dost çevrəsinə daxil ola bilməmək, dostlar arasında kənarda qalmaq uşaqlıqda tez-tez rastlaşılan problemlərdəndir. Həmyaşıdları ilə münasibətlərdə problem olan uşaqların ümumiyyətlə, özünə güvənsiz, utancaq, narahat, və ya heç bir şeylərini paylaşmayan olduğu müşahidə edilir. Səbəbi nə olursa olsun, dost mühitindən uzaqlaşdırılmaq hər yaşda olan uşaqlar üçün çətin vəziyyətdir. Buna görə də, uşaqların dostlarından kənarlaşdırılmasının səbəbləri və həlli yolları haqqında məlumat almaq son dərəcə vacibdir.
Bəs, bu zaman problemin həlli üçün valideynlər övladlarına necə kömək edə bilərlər?
Mövzu ilə bağlı fikirlərini bölüşən uzman psixoloq Cəmilə Rəhimli "Sherg.az"a söyləyib ki, həmyaşıdları ilə sağlam dostluq münasibətlərinin qurulması uşağın emosional və sosial inkişafı üçün vacibdir:
''Dost çevrəsinə daxil ola bilməmək və ya dostlar arasında kənarlaşdırılmaq bir çox uşaq üçün böyük problemlərə gətirib çıxarır. Bu vəziyyətin isə bir neçə səbəbi ola bilər. Məsələn, uşağın sosial bacarıqların çatışmazlığı. Uşağın sosial bacarıqları yaxşı inkişaf etmədikdə, digər uşaqlarla ünsiyyət qurmaqda çətinlik çəkə bilər. Həmçinin, aqressiv və ya həddindən artıq utancaq davranışlar digər uşaqlar tərəfindən qəbul edilməmə səbəbi ola bilər. Ailədə qarşılıqlı dəstəyin və sevginin azlığı da uşağın özünə inamını və digər uşaqlarla münasibət qurma bacarığını zəiflədə bilər. Valideynlərə tövsiyə olunur ki, övladlarına sosial bacarıqlar öyrətmək üçün onlarla oyunlar oynasınlar və müxtəlif sosial vəziyyətləri təqlid etsinlər. Yəni övladlarınıza Empatiya, paylaşma və dinləmə kimi bacarıqları öyrədin. Uşağınıza daima dəstək olun və onun uğurlarını, müsbət davranışlarını təqdir edin. Bu, onun özgüvənini artırmağa kömək edəcək. Həmçinin onları sosial fəaliyyətlərə, idman qruplarına və digər qrup fəaliyyətlərinə cəlb edin ki, yeni dostlar qazana bilsinlər. Məktəbdə müəllimlərlə əməkdaşlıq edin və uşağınızın sosial inkişafını izləmək üçün onları məlumatlandırın. Əgər problem davam edərsə və ya uşağınızda ciddi özgüvən əksikliyi yaranarsa, peşəkar psixoloqdan və ya psixoterapevtdən yardım alın. Fikrimcə, uşaqlar valideynlərin dəstəyi və müdaxiləsi ilə dost çevrəsinə daxil olmaq və sağlam dostluq münasibətləri qurmaq bacarıqlarını inkişaf etdirə bilərlər''.