Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib.
Hadisə Ramana qəsəbəsində qeydə alınıb.
Yeni Sahə adlanan ərazidə 2004-cü il təvəllüdlü Anar Şahin oğlu Məmmədov nişanlandığı xanımla mübahisə edib.
Yaxınlarının verdiyi məlumata görə, xanım ayrılmaq qərarına gəlib. Qərara etiraz olaraq A.Məmmədov bıçaqla özünə bir neçə xəsarət yetirib. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Hadisə ilə bağlı fikirlərini bölüşən psixoloq Gülnar Orucova "Sherg.az"-a söyləyib ki, ölkəmizdə nikah yaşı 18 yaş müəyyən olunub:
"20 yaş da evlilik üçün ideal bir dövr deyil. İnsan evlilik qərarı almazdan əvvəl psixoloji, maddi, fiziki baxımdan hazır olmalıdır. Son dönəmdə intiharların sayı artır. Əslində sevgisinə görə intihara cəhd edənlərin əksəriyyəti zamanında ailəsindən sevgi görməyən şəxslərdir. Ailədə balacalıqdan övladına “səni sevirəm” sözünü deməyi unutmamalıyıq. Bu cür diqqət uşaqda "ailəm həqiqətən məni sevir" kimi fikir formalaşdırır. Belə olan halda ətrafdakı insanların sevgisinə əhəmiyyət vermir. Təəssüf ki, bəzən valideynlər övladının bütün maddi təlabatlarını ödəsə də, sevdiyini hiss etdirmir. Lakin insan sevildiyini sözlərlə eşitmək istəyir. Övlada sevgi, diqqət, qayğı dedikdə, ancaq nəyisə almaq nəzərdə tuturuq. Sevgi təmənnasız olur. Övladlarınıza “sən ağıllısan, bacarıqlısan, uğurlusan, varlısan və daima sənin yanındayam" deyin. Bununla onun sevgi ehtiyacını ödəmiş olacaqsız və o, ötəri sevgi hisslərinə görə intiharı ağlının ucundan belə keçirtməyəcək.
Hər bir yeniyetmə 13 yaşınadək bir dəfə sevib ayrılmalıdır. Belə dedikdə, bəziləri "13 yaşda sevgi olar" deyə bilər. Lakin hər şeyi keçmişlə müqayisə etmək olmaz. Həmçinin müasir dövrün uşaqları erkən yaş dövrünə tez girirlər. Çünki elm və texnika inkişaf edib. Ona görə beyin həddən artıq tez oyanır. Biri öz sevgilisindən ayrıldığına görə canına qəsd edirsə, bu nüans onun sevgiyə möhtac olmasından xəbər verir. Böyük ehtimal, qarşı tərəfi həyatının mərkəzinə qoyub və iradəsi zəifdir. Buna isə sevgi demək olmaz. Bu sadəcə olaraq bağlılıq, aslılıqdır.
Psixoloq Sevinc Həbibovanın fikrincə, nişanlısına görə özünə xəsarət yetirən şəxs güman ki, travmalarla, natamam ailədə böyüyən biridir:
"Məsələn, valideynləri birgə yaşasa da yola gedə bilməyən, ata-anadan uzaqda qalanlar sevgiyə möhtac olur. Ümumiyyətlə, intihar edənlərin çoxu bunu əvvəlcədən planlaşdırırlar. Ona görə də özlərini öldürəcəkləri barədə yaxınlarına ya zarafatca, ya da ciddi şəkildə söyləyirlər. Depressiyada olanlar daha çox təmiz hava qəbul etməlidir. Yaxınları isə diqqətli davranmalı, onları alçaltmamalı və heç bir şeylə şantaj etməməlidirlər. Ola bilər ki, həmin oğlan diqqətdən kənarda qaldığı üçün intihara əl atıb. Fikrimcə, belə halların yaşanmasının ən böyük səbəbi sevgisizlik, özgüvən problemidir. Bu səbəbdən valideynlər övladlarına daha çox sevgi verərək yaxın dost olsunlar. Onlarla vaxt keçirərək, maraqlansınlar, danışıqlar aparsınlar. Evdə sevgi və qayğı görən biri intihara cəhd belə etməz. İnsan ailəsindən dəstək gördükdə onun başqasına ehtiyacı qalmır. Təbii ki, insan müəyyən müddət depressiyaya düşə bilər, lakin bu, özünə xəsarət yetirmə həddinə çatmamalıdır".