Dənizdə boğulmaların zəlzələ ilə heç bir əlaqəsi yoxdur  - SEYSMOLOQ

Baş verən zəlzələlər Xəzərin sahil hissələrində çökəkliklər yaradıb.
Xezerxeber.az-ın məlumatına görə, Hövsan qəsəbəsi ərazisində yerləşən çimərlikdə əslində çimmək tövsiyə edilmir, lakin yerli sakinlərin əksəriyyəti bu əraziyə üz tuturlar.
Ekspertlərin sözlərinə görə, nəzarət olmayan belə ərazilərdə çimmək batma təhlükəsini birə-beş artırır.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, aprel ayından etibarən ölkə ərazisində sahilboyu monitorinqlər keçirilir:
“Məqsəd təhlükəli ərazilərin müəyyən edilməsidir. Dalğıclar vasitəsilə sualtı müayinələr aparılır, yarğan, qəfləti dərinlik kimi təhlükələrin vaxtında aşkar edilməsi üçün işlər görülür. Hansı hissədə belə təhlükələr varsa, sualtı nişanlar qoyulur”.


Zəlzələlərdən sonra dənizdə yaranan çuxurlara görə  dənizdə batmaların artdığına dair fikirlərə münasibət bildirən seysmoloq Ənvər Əliyev isə “Sherg.az"a açıqlamsında deyib ki, dənizdə boğulmaların, batmaların artmasına bəhanə gətirmək lazım deyil. Bu hadisələrin zəlzələ ilə heç bir əlaqəsi yoxdur.

 Ə.Əliyevin sözlərinə görə, Xəzərdə olan 4-5 ballıq zəlzələləri seysmik cihazlar güclə qeydə alır: "O necə dənizin sahilində yarğan, çuxur əmələ gətirə bilər? Zəlzələnin dənizdə yarğan əmələ gətirməsi üçün ən azı 9-10 bal gücündə olmalıdır. 4-5 ballıq təkanlar heç vaxt yer qabığında çatlar əmələ gətirə bilməz, nəinki sahil kənarında çalalar əmələ gətirmək gücündə olsun".
Seysmoloq onu da deyib ki, dalğaların gücündən asılı olaraq relyef dəyişə bilir. Dənizdə nə torpaq, nə daş qatı var. Sadəcə qum var:
 “Güclü küləkdə isə şelf zonanın relyefində dəyişiklik baş verə, qum kütləsi yerini dəyişə bilər. Xəzər dənizində şelf zonası sahildən başlayaraq təxminən 100 metr dərinlikdə qurtarır. Dalğalardan əmələ gələn çalalar, burulğanlar dənizin sahil hissəsinə gedib-gəlir, oranın dibini yumağa başlayır. Yəni sahildə suya girən adamın qəfil ayağının dərinə düşməsi bununla bağlıdır. Birdən olur ki, sahilin 20-30 sm, bəzən yarım metr hissəsində qum yoxdur. Bu isə heç bir halda sahildə gəzən adamların boğulması üçün əsas deyil. Həm xeyli vaxtdır Bakıda küləksiz hava şəraiti qeydə alınır. Həm də ki, son illər Xəzərin suyu xeyli geri çəkilib və sahildə dayazlıq hiss olunur. Deməli, çimərlikdə qeydə alınan boğulma faktının arxasında birbaşa insan səhlənkarlığı durur. Nə zəlzələ, nə dalğa, nə də şelf zonaların relyefi bunun bəhanəsi ola bilər. Küləkli havada dənizdə çimmək xəbərdarlığına rəğmən insanlar sudan çıxmırsa, burada dalğanın nə günahı var? Ağlı başında olan adam bilməlidir ki, əlverişsiz hava şəraitində çimərliyə getmək olmaz. Üzə bilməyənlər isə ümumiyyətlə sahildən uzaqlaşmamalıdır. Dənizdə boğulmaların azalmasının bundan başqa yolu yoxdur”.

Zəlzələlərdən əvvəl də Xəzərdə batanların çox olduğunu xatırladan seysmoloq deyib ki, səbəb səhlənkarlıqdır: 

"Suyla zarafat eləmək olmaz. Allahın gölməçəsində üzməyi bacarmayan, vannaya belə girə bilməyən adamlar gedib Xəzərdə çimir. Halbuki dənizdə çimməyin öz qayda-qanunu var. Xüsusən də, küləkli havalarda dənizlə ehtiyatlı olmaq lazımdır. Bir balaca külək belə suda olan adamı 1 metrə qabağa  aparıb 3 metrə geriyə atır. Necə ki meşəni tanımayan adamı gəzməyə aparıb tək buraxsan azır, eləcə də üzməyi bilməyən adam suya kimi batacaq”.