"Şəmkirdə mal əti ucuzlaşıb.
Xezerxeber.az-ın məlumatına görə, rayonda ətin kiloqramı 11-12 manatdır.
Zəyəm qəsəbəsində fəaliyyət göstərən ət dükanları isə ətin kiloqramını 11, 10, hətta 9 manata satırlar.
Əvvəllər isə bu qiymət 13-14 manat olub.
Ət satışı ilə məşğul olanlar ucuzlaşmanı fərqli arqumentlərlə izah edirlər. Bəzi qəssablar ucuzlaşmanı rəqabətlə, digərləri xaricdən ətlik heyvanların çox sayda gətirilməsi ilə əlaqələndirirlər.
Maraqlıdır, müştərilərilərə 9 manata təqdim edilən ət nə dərəcədə keyfiyyətlidir?
Məsələ ilə bağlı "Sherg.az"-a danışan kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, böyük ehtimal, vətəndaşlara həmin qiymətə çıxdaş heyvanlar satılıb:
"Qeyd edim ki, xaricdən gətirilən ətlər fərqlidir. Məsələn, bəziləri dondurularaq, digərləri isə cəmdək kimi gətirilir. Ona görə də keyfiyyətsiz və ucuz satılan məhsullarla bazara qiymət vermək düzgün deyil. Xaricdən gələn mallar ümumi istehlakın təqribi 15-20 faizə qədəridir. Sağlam cöngələrin qiyməti önəmlidir. Yəni, iribuynuzlu mal-qaralarda danaların, xırdabuynuzlu heyvanlarda isə qoçların qiyməti əsas şərtdir. Bunlarla bazardakı qiyməti müəyyənləşdirmək mümkündür. Elə marketlər var ki, qoca heyvanların əti 10-11 manata satılır. Lakin bu hal kütləvi şəkildə deyil".
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə vurğulayıb ki, bu fakt kommunikasiyanın az olduğu dağ kəndində qeydə alınsa idi, buna müəyyən qədər inanmaq olardı:
"Lakin ətin bu qiymətə olması qətiyyən inandırıcı deyil. Yəqin ki, qoca heyvan ətidir. Qoca heyvan əti isə bəzi yerlərdə hətta, 5 manata satılır. Unutmaq olmaz ki, pul qazanmaq istəyən şəxs bazar iqtisadiyyatına uyğun olaraq məhsulumu yüksək olan yerlərdə satacaq. Əlavə olaraq, bütün ölkədə alverçi şəbəkəsi dolanır. Heç bir qəssab sağlam heyvan ətini 9 manata satmaz. Bu ya qoca, ya da qeyri-ənənəvi heyvan əti ola bilər".