Azərbaycanda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir.
DİN-in Mətbuat xidməti xəbər verir ki, iyunun 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Hər bir müraciət üzrə müvafiq araşdırmalar davam etdirilir.
Sosioloq Üzeyir Şəfiyev “Sherg.az”a bildirib ki, son vaxtlar itkin düşmə məsələsi sürətli şəkildə irəliləyir:
“Sosial şəbəkə resursları gənclərə, uşaq və yeniyetmələrə təsir göstərir. Özünü tanımayan, və müstəqil özünü idarəetmə qabiliyyəti olmayan uşaqlar, yeniyetmələr böhran yaş dövründə olduqlarına görə valideynləri onların yanlarında dayanmalı, yaş dövrünü adekvat qiymətləndirməlidirlər. Çünki həmin yaş dövründə uşaq və yeniyetmələrdə fizioloji, psixoloji dəyişiklər vaş verir. Əfsuslar olsun ki, bəzən valideyn və uşaqlar arasındakı ortam səmimi olmadığı üçün problemini danışa və çıxış yolu tapa bilmir. Uşaqlar sosial şəbəkə üzərindən olan çağırışları adekvat qiymətləndirə bilmədiyi və bəzən də ailədə basqı olduğu üçün çıxış yolunu evi tərk etməkdə görür. Bu məsələ həm sosial şəbəkə faktoru, həm də ailədə valideyn-övlad münasibətlərində boşluq ilə izah oluna bilər. Uşaq və yeniyetmələrlə valideynlər düzgün işləməlidir. Əgər valideyn yoxdursa, məktəblər bu istiqamətdə işləri gücləndirməlidir. Uşaqların müəyyən yaş dövrü var. Həmin yaş dövrü həm valideynlər, həm də məktəblər tərəfindən xüsusi nəzərə alınmalıdır. Belə uğursuz hekayələri olan uşaqların, yeniyetmələrin hekayələrini saytlar və efirlər vasitəsilə şəxsilik qorunmaq şərti ilə göstərmək lazımdır ki, nəticə çıxarsınlar. Hesab edirəm ki, bunların hər biri həm sosial şəbəkə çağırışları, həm də ailə boşluğuna görə baş verir”.