Bu ilin ilk 4 ayı ərzində Azərbaycana xarici ölkələrdən 1 823,6 ton ətdən və əlavə ət məhsullarından hazırlanan kolbasalar və analoji məhsullar idxal edilib.
İdxal olunan kolbasanın 1 kiloqramının orta gömrük dəyəri 2,9 dollar (4,9 manat) olub. Qeyd edək ki, idxal olunan kolbasanın 82%-i və ya 1 450 tonu Rusiyadan gətirilib. Rusiyadan idxal olunan kolbasanın 1 kiloqramının orta gömrük dəyəri isə 2,4 dollar (4,1 manat) olub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Rusiyadan 1 592,7 ton kolbasa idxal olunub. Xaricdən idxal olunan kolbasaların 1 kiloqramının orta satış qiyməti marketlərdə 21 manat təşkil edir.Açıqlanan rəqəmlərdən də göründüyü kimi, idxal kolbasalar marketlərdə gömrük dəyərindən (ölkəyə daxil olma qiyməti) 4 dəfədən çox baha satılır.
Maraqlıdır, xaricdən 5 manata gətirilən kolbasalar marketlərdə niyə 20 manatdan baha satılır?
Məsələni dəyərləndirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov ''Sherg.az"a bildirib ki, istehlakçılar ona bu cür anormal vəziyyətlə bağlı daim məlumat verirlər:
''Marketlərdə bir litri həm 9 manata,həm də 40 qəpik olan sular satılır. Həmçinin, əmtəə bazarında qanunla qadağa edilən yodlaşdırılmamış 1 kiloqramı 20 manata və 50 qəpiyə olan duzlar da var. Malların istehsalçıdan istehlakçıya çatdırılmasında mühüm halqalardan biri marketlərdir. Marketlər mal gətirənlərlə necə gəldi davranırlar. Yəni, məhsullara istədikləri qiyməti qoyaraq ora şərik olurlar. Marketlər üçün heç bir qayda-qanun yoxdur. Əslində isə mal gətirənlər marketlərin əsirinə çeviriliblər. Çünki pulu onlardan alırlar. Hətta, borcu gecikdirənlər də olur. Xaricdən gətirilən malların marketlərdə baha olmasının səbəbi istehlakçı ilə dövlətin biznes siyasətinin bir-birinə zidd olmasıdır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun 1995-ci ildə qəbul olunub. İstehlakçı hüquqlarını qoruyan dövlət orqanı adını dəyişib. Əvvəllər isə bu işə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti baxırdı. Lakin istehlakçı hüquqlarının qorunmasında heç bir iş görmür. Dövlətin qanunlarının sinxron olmaması, bir-birini tamamlamaması bazarı, dövləti, ordunu, biznesi mövcud edən istehlakçıların mənafelərinin diqqətə alınmaması qiymətlərin bu cür anormal formalaşmasına gətirib çıxarır. Ona görə də daim istehlakçılar bundan narazılıqlarını bildirirlər''.
Ekspert qeyd edib ki, istehlakçıların müdafiəsi haqqında qanun dəyişməlidir:
''Bu qanunu icra edən dövlət orqanı rasional işləməlidir. Dövlətin biznes siyasəti ilə istehlakçı hüquqlar siyasəti uzlaşdırılmalıdır. Həmçinin, market üçün qaydalar qəbul edilməlidir. Hökümət elə tədbirlər görməlidir ki, yerli mallara təlabat artsın. Cəmiyyət arasında bahalı mal yaxşı olur kimi səhv fikirlər var. Statistikadan da məlumdur ki, xaricdən Azərbaycana bahalı məhsul gəlmir. Sadəcə olaraq ölkədə qiyməti artırırlar. Bir sözlə, bu nöqsanların səbəbi qanunların zəifliyində, adiyyatı dövlət qrumlarının səmərəsiz işləməsindədir ".