"Gördüyünüz obyekt Əhmədlidə Sarayev küçəsində yerləşir. Məhz gördüyünüz kimi küçədə. Səkinin bir hissəsini kəsib özünə çayxana-pivəxana eləyib. Çayçı deyir sadə çay vermirik. Deyirəm qaqaşım, mən şəkər xəstəsiyəm şirin yemək olmaz, pula görə demirəm. Dostum mənə hörmət olaraq, nəfsim çəkər deyə ofisianta deyir, sən sadə çay gətir, biz mürəbbəli, şokoladlı çayın pulunu verəcəyik. Ofisiant fağır-fağır deyir olmaz. Soruşuram niyə? Deyir müdir qanun qoyub. Qanun e. Bu adamlar o qədər harınlayıblar ki, özlərini Prezident, parlament görürlər. Özlərindən qanunlar, qaydalar qoyurlar. Sonra öyrəndim ki, bu "balaca prezident" hansısa formada Əhmədli Bələdiyyəsinə bağlıdır. Bələdiyyə ilə e. 25 ildir yaşadığım Əhmədlidə bələdiyyənin varlığını yalnız illik pul toplamaqda şahidi olmuşam. Və minlərlə mənzildən illik 6-10 manat arası pul yığılır. İlk baxışda böyük pul görünməyə bilər. Amma bu pulun minlərlə mənzildən toplandığını nəzərə alanda yüz min manatlarla pul edir. Hara xərclənir bu pullar? Binaların girişləri bərbad, zirzəmilər sökülüb, birinci mərtəbədəki mənzillər divarlar qırılaraq obyektlərə çevrilib, zirzəmilər illərdir kanalizasiyanın axıntıları ilə dolub və binaların özülü artıq aşınıb. Amma bələdiyyə pul istəyir, "JEK" pul istəyir. Mərkəzdən uzaq yaşayış massivdir, necə deyərlər "dərə xəlvət, tülkü bəy". Xətai Rayon İcra Hakimiyyətindən isə danışmıram. Onların öz dünyası var.
Əhmədli Bələdiyyəsi ilə hansı səviyyədə "qohumluğunu"da öyrənib yazacam. İnformasiyanı yarımçıq vermək bir jurnalistə yaraşmaz".
Bunu tanınmış jurnalist Rasim İsmayılov öz facebook hesabında yazıb.
İqtisadçı ekspert Natiq Cəfərli "Sherg.az"a bildirib ki, səkilərdə obyektlərin açılması, ya da obyektlərdə hansısa, malın verilib-verilməməsi qanunla tənzimlənmir:
“Azərbaycanda elə bir qanunvericilik bazası yoxdur. Qanuni tərəfini götürsək Bakı şəhəri Ticarət Departamenti tərəfindən küçə ticarətinə və yaxudda küçələrdə xidmət göstərilməsinə icazə verə bilər. Ancaq burada vətəndaşların gediş-gəlişinə təsir etməmək şərti ilə icazə verilir. Dövlət orqanları nə menyuya, nə də ki menyu qiymətlərinə qarışa bilər. Dövlətin yeganə qarışa biləcəyi məsələ vergilərin vaxtında verilməsi və insan sağlamlığına zərər vura biləcəyi məhsulların kafe və restoranlarda satılmamasıdır”.