Hacıqabuldan evlənmək məqsədilə qaçırılan 15 yaşlı qız ailəsinə qaytarılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Hacıqabul RPŞ-nin keçirdiyi tədbirlərlə Meyniman kənd sakini, 2009-cu il təvəllüdlü qızın evlənmək məqsədilə digər rayona getdiyi məlum olub. Bildirilib ki, polis əməkdaşları tərəfindən onun yeri müəyyən olunub və tapılaraq ailəsinə təhvil verilib. Hazırda Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.
Maraqlıdır, sözügedən hadisədə qız qaçıran şəxsi hansı cəzalar gözləyir?
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı bildirib ki, hələ də bəzi bölgələrdə qız qaçırma ənənəsi davam etməkdədir:
''Burada ailələr imkansızlığı, gənclər isə valideynlərin bu izdivaca razı olmadığını əsas gətirirlər. Yetkin yaşına çatmayan və razılığı olmadan qızın qaçırılması çox ağır cinayyətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsinin birinci bəndinə əsasən evlənmək məqsədilə qız qaçıran şəxsləri 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir. Həmçinin, yetkinlik yaşına çatsa belə, qızın öz istəyi olmadan qaçırılması da insan oğurluğu hesab olunur. Bəzi stiuasiyalarda valideynlər bildirirlər ki, iki tərəfində razılığı var. Ancaq qanunvericilik həmin qaçırılmada əli olanları hüquqi məsuliyyətə cəlb edir. Bəzən qız əvvəlcə öz istəyi ilə qaçsa da sonradan istintaq orqanında ifadə zamanı atasının və qohumlarının basqısından dolayı zorla qaçırıldığını bildirir. Bu zaman qızı qaçıran oğlan olduqca pis vəziyyətdə qalır. Əlində qızın könüllü qaçdığına dair sübut olmadığına görə, həmin qaçıran şəxsi çox çətin günlər gözləyir''.