Xaricdən Azərbaycana gəlib təhsil almaq istəyən gənclərə müxtəlif vasitələrlə maneələr yaradılır. Gənclərə Azərbaycanın dini mərkəz olmadığını bildirirlər.
Bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan İlahiyyat İnstitutunda keçirilən “Məzun günü”ndə çıxışı zamanı söyləyib.
R. Həsənov vurğulayıb ki, xaricdəki gənclərə, eyni zamanda, Azərbaycanda keyfiyyətli dini təhsil almağın mümkünsüzlüyünü aşılayırlar və müxtəlif administrativ yollarla onlara mane olmağa çalışırlar.
İcraçı direktor bu baxımdan 2018-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Azərbaycan İlahiyyat İnstitutunun mühüm təhsil ocağı olduğunu vurğulayıb. Bildirib ki, institut milli kadrlar yetişdirmək baxımından önəmli təhsil ocağıdır.
Məsələni dəyərləndirən ilahiyyatçı Hacı Atif İsmayılov “Sherg.az”a deyib ki, Azərbaycan əzəldən bəri Qafqaz üzrə dini mərkəz sayılıb:
''Həmçinin, bu sahədə Azerbaycanın özəl alimləri fəaliyyət göstərib və həmin şəxslərin dini bilikləri yüksək səviyyədə olub. Sovet dönəmində bu sahənin qarşısını almağa çalışdılar.Doğrudur, buna bir qədər nail oldular. Amma müstəqillik əldə edildikdən sonra dini mərkəzlərin bir qismi bərpa olundu. Bakı İslam Universiteti o cumlədən, mədrəsələr və ilahiyyət fakültəsi fəaliyyət göstərməyə başladı. Bununla da dini bilikləri orta səviyyədə yiyələnmək imkanı yarandı. Son dövrlərdə isə yeni təsis olunan İlahiyyat Universitetinə dini sahədə şaxəli şəkildə kadrlar yetişdirmək imkanı yaradılıb. Ümid edirik ki, zaman keçdikcə bu sahə yaxşi inkişaf edəcək və öz töhvəsini verəcək''.