Ali Məhkəmədə Bakıda ondan boşanmaq istəyən arvadına xəsarət yetirməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Heydər Nadirovun barəsindəki qərardan yenidən verilən kassasiya şikayətinə baxılıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Ali Məhkəmənin qərarına əsasən, hökm və ya qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib və Heydər Nadirova 2 il 6 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və o, məhkəmə iclas zalından həbs edilib.
Qeyd edək ki, hadisə 2022-ci il mayın 5-də paytaxt ərazisində qeydə alınıb. Jalə Nadirova məhkəmədə bildirib ki, əri Heydərin ailəyə laqeyd yanaşması, ona qarşı təhqiredici ifadələr işlətməsi və s. səbəblərə görə birgə yaşadıqları müddətdə aralarında tez-tez mübahisələr baş verib. Qadın ərindən bıçaqlanma hadisəsindən 5 ay əvvəl ayrılıb və boşanmaq üçün məhkəməyə müraciət edib. Boşanma barədə qərar birgə qəbul olunub və bundan sonra Jalə Nadirova kirayə evə köçüb. Buna baxmayaraq, əri onun yaşadığı ünvanı tapıb və hadisə də məhz orada baş verib. Heydər həmin ünvana gələrək Jalədən ona uşaqlarını göstərməyini istəyib və başqa bir kişi ilə münasibətdə olub-olmadığını soruşub. Jalə "yox" cavabı versə də, Heydər bu sualında israr edib və Jalə bezərək münasibəti olduğunu deyib. Bundan qəzəblənən Heydər əlindəki dəmir parçası ilə Jaləyə qarın nahiyəsindən xəsarət yetirib.
Hadisədən göründüyü kimi, keçmiş ərləri tərəfindən fiziki zorakılığa məruz qalan qadınlar günümüzdə kifayət qədərdir. Onlar boşanmaq və ya ərlərindən ayrılmaq istədikləri zaman həyatları təhlükə altına düşür.
Sual yaranır. Kişilər boşandıqları qadınları niyə öldürürlər? Burada hansı psixoloji məqamlar var?
Psixoloq-konsultant Zeynəb Əyyubova "Sherg.az"a bildirib ki, 21-ci əsr olmasına baxmayaraq, Azərbaycanda boşanma, ayrılma mədəniyyəti yoxdur:
''İstər nişanlılıq, istərsə də evlilik və sevgililik dönəmində ayrılma qərarı alanda tərəflər, nəsillər arasında ''müharibə'' yaşanır. Daha çox kişilər qadının rahat həyat tərzini, öz ayaqları üstündə sərbəst dayanmasını qəbul etmirlər. Hətta,onlar dırnaqarası qeyrət anlayışı adı altında qadına xəsarət yetirirlər. Birincisi, əxlaqı normal olan heç bir xanım yaxşı olan ərindən ayrılmaz. Əfsus ki, həmin kişilər böyüdülmə şəraiti, mental dəyərlərə görə, ayrılmaqdansa,öldürməyi düşünürlər. Bu kimi halların yaşanmaması üçün tədqiqatlar aparılmalı, məhkəmə uzaqlaşdırma qərarı verməlidir. Həmin insanlarda əsas psixoloji məqam yetərsizlik duyğusudur. Bir sözlə, kişi məğlubiyyəti həzm edə bilmir''.
Psixoloq Fərqanə Mehmanqızı isə deyib ki, kişilər arasında ''mənim olan mənimdir'' kimi bir qavram var:
''Sanki, kişilik anlayışı bununla ölçülür. Ona görə də kişilərin əksəriyyəti boşanmanı və tərk edilməni qəbul edə bilmir. Bu onların eqosuna toxunur deyə, məntiqli düşünməyi bacarmırlar. Əslində, sözügedən nüans sevgi və ailə dəyərləri ilə bağlı deyil, narsistliklə əlaqədardır. Narsist insanlar tərk edilməyi heç cür qəbul etmirlər. Burada daxili aqresssiya, uşaqlıq travmaları özünü göstərir. Nəticədə bu kimi cinayyət hadisələri baş verir".