İyunun 24-də saat 23:20 radələrində bir nəfər Culfa rayon Bənəniyar kənd sakininin küt alətlə vurularaq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Axar.az-a Naxçıvan Muxtar Respublikası prokurorluğundan bildirilib. Araşdırmalarla Culfa rayon Bənəniyar kənd sakini 1984-cü il təvəllüdlü Ruslan Məhərrəm oğlu Əliyevin şəxsi münasibətlər zəminində bacısı 1980-ci il təvəllüdlü Elfanə Məhərrəm qızı Muradovanı küt alətlə (dəmir parçası ilə) xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Əliyev Ruslan Məhərrəm oğlu şübhəli şəxs qismində tutulub.
Culfa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a bildirib ki, öyrədilmiş namus və düşüncə anlayışları bir çox ailələrdə travmalar yaradır:
“İnsanı analiz etmədən bir şey deyə bilmərəm. Ola bilər ki, ya şizofreniyadan, ya başqa bir problemlərdən əziyyət çəkir. Həmçinin onun namusuna xələl gətirən bir hadisə olmasa belə beynində bu fikirdə ola bilər. Bunların hər biri araşdırılmalıdır. Ümumiyyətlə qatil psixologiyasının müəyyən travma və səbəbləri mövcuddur. Belə şəxslərdə haqlı və güclüyəm düşüncəsi də olur. Əsas səbəb isə seriallarda qatil ruhlu insanları qəhraman etməyimizdən irəli gəlir. Bu kimi nümunələr şüur altına yeridilir və qətl adiləşir. Yəni bir insanı öldürə bilmək qəhrəmanlıq kimi qələmə verilir. Həmin insan cinayət və ictimai aləmdə də qəhrəman kimi göstərilir. Öz həyatından narazı olan insanlar sanki natamamlıq kompleksindən əziyyət çəkdiklərini bildirməmək üçün belə yöntəmlərə əl atırlar. Bir sözlə bu təlqin olunduqca insanlar o qəhrəmanlıq hissini yaşayırlar. Daxili aqressiya və ailədaxili şiddətlər nə qədər çox olarsa, o qədər də qətl hadisələri olacaq”.