Parlamentari: "Böyük Qayıdış" uğurla icra olunur

"İşğaldan azad olunmuş ərazilərə səfər etmək istəyənlərin sayı günü-gündən artır".

Bu barədə "Sherg.az"a açıqlamasında millət vəkili Azər Badamov deyib. 

Deputat bildirib ki, əhalinin erməni işğalından azad olunmuş əraziləri ziyarət etmək arzusu və istəyi öz torpaqımıza bağlılığın bariz göstəricisidir: 
"4 il əvvəl əsgərimizin qanı bahasına qəhrəmancasına azad edilmiş ərazilər yenidən qurulur və bərpa olunur. 30 il ərzində düşmənin talan edərək viran qoyduğu yaşayış məntəqələrimizdə yeni şəhərlər, kəndlər, hava limanları, dəmir və avtomobil yolları inşa olunaraq istifadəyə verilir. "Böyük Qayıdış"a dair dövlət proqramına uyğun olaraq bu ilin sonuna qədər 20 min keçmiş məcburi köçkünün öz ata-baba yurdlarına qayıtması nəzərdə tutulub. Proqram uğurla icra olunur və artıq 7 mindən çox insan öz yurdlarına qayıdıb. Qarabağa səfər edən şəxslər həm ermənilərin viran qoyduğu yerləri görür, həm də öz yurdlarına qayıtmış insanların firavanlığının şahidi olurlar. Bu, dövlətimizin gücünün göstəricisidir". 

Millət vəkili diqqətə çatdırıb ki, torpaqlarımızın 30 il işğal altında olmasına və keçmiş məcburi köçkünlərin yaşlanmasına baxmayaraq, Qarabağı ümumiyyətlə görməmiş qarabağlılar da öz yurdlarında yaşamağa üstünlük verirlər: 
"Bu da genimizin ata-baba yurdu il bağlılığından xəbər verir. Vətəndaşlarımızın növbə gözləyərək, portaldan icazə alaraq məhz işğaldan azad olunmuş ərazilərə səfər etməsi çox mühümdür. İnsanlar 30 il içində gəzdirdiyi doğma torpaqları görmə arzularının reallaşmasını istəyirlər. Hamı Şuşaya, Xankəndiyə, Xocalıya, Laçına və digər rayonlara can atır, oraları görməyə tələsir. İşğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi qaldığından sərbəst girişə icazə verilmir. Buna baxmayaraq, yaxın gələcəkdə həmin ərazilərə də sərbəst gediş-gəliş təmin olunacaq". 


Parlament üzvü bəyan edib ki, bu gün Azərbaycan bütövdür və hamı ölkənin hər qarışını gəzmək istəyir, bununla fəxr edir, qürur duyur: 
"Bu şərəfi Ali Baş Komandan başda olmaqla Müzəffər Ordumuza və sinəsini düşmən gülləsinə sipər etmiş şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Azərbaycan bundan sonra həmişə bütöv olacaq. Rəşadətli ordumuz sərhədlərimizi göz bəbəyi kimi qoruyur. Ona görə də biz rahat yatıb, rahat gəzə bilirik. Fürsətdən istifadə edərək 26 iyun Silahlı Qüvvələri Günü münasibətilə Ali Baş Komandanımız başda olmaqla ordumuzun bütün şəxsi heyətini təbrik edir, məsuliyyətli və şərəfli xidmətində uğurlar arzulayıram. Qarabağ Azərbaycandır!".