Psixoloq: Uşaqlarımızı sevə, öpə, qayğı göstər bilərik...

Amma bunun üçün onların dodağından öpməyə ehtiyac yoxdur

“Bu məsələnin psixoloji cəhətləri gələcəkdə çox böyük ağır fəaadlar verə bilər"


Körpə dərisi çox həssas və nazik olur. Uşaqları öpərkən onların dərisinə müxtəlif infeksiyalar yoluxa bilər.Xüsusən xanımlar öpərkən diqqətli olmalıdırlar. Onların istifadə etdiyi dodaq boyası və digər kosmetik məhsullardakı kimyəvi maddələr uşağın dərisini qıcıqlandırır və qızartı verir.
 Ataları çox öpən uşaqların da dərisində bəzi problemlə müşahidə olunur. Kişilərin üzü tüklü olduğu üçün uşaqların dərisi qabıq verir və ya qızarır.
Mütəxəssislər zaman- zaman bu mövzuda xəbərdarlıq edir: körpələr çox sevimli, şirin olsalar da, onları öpmək olmaz. Hələ tanımadığınız birinin onu öpməsinə icazə vermək  heç olmaz. Biz özümüz tanımadığımız insanları qucaqlayıb öpmədiyimiz kimi, yadların da körpəni öpməsinə icazə verməməliyik. Onların duyğularını ifadə edə bilməməsindən istifadə edib yaxınlaşmaq, öpmək və qucaqlamaq haqqınız yoxdur.
Qeyd edək ki, uşaqları öpüb - əzizləmək məsələsində cəmiyyəti xüsusi narahat edən bir nüans da var: körpələrin  dodağından öpmək. Kifayət qədər mübahisəli mövzudur. Tez-tez adamların övladları ilə paylaşdığı şəkillərdə, videolarda valideynlərin öz uşaqlarının dodağından öpdüyünü görürük. Ana oğlunun dodağından öpür, ata qızının dodağından. Bir qrup bunun yanlış olmadığını, sevgisini elə göstərdiyini desə də, digər qrup, xüsusən də mütəxəssislər  bunun doğru olmadığını bildirir.Mütəxəssislər isə  hesab edir ki, yanlış sevgi jestləri uşaqların şürunda mənfi və qalıcı izlər yarada bilər. Onların fikrincə, uşaqları sevmək balacaların psixoloji inkişafı üçün çox vacibdir. Lakin bunu edərkən bədənlərinin gizliliyini qorumaq da eyni dərəcədə əhəmiyyətlidir. Uşaqları istəmədiyi halda yanağından öpmək və ya zorla sevmək düzgün deyil. Dodaqdan öpməklə sevgini ifadə etmək də yanlış münasibətdir.
Xarici KİV xəbər verir ki, ən çox yayılmış səhvlərdən biri ana və ya atanın uşağı dodaqlarından öpməsidir. Bu vəziyyət uşaqda çaşqınlıq yarada və onun özünü yad adamlardan qorumasını çətinləşdirə bilər. Bundan əlavə, dodaqlar, digər erogen zonalar kimi, stimullaşdırma ehtiva edir və bu, uşağın cinsi şəxsiyyətinin inkişafına mənfi təsir göstərər.Uşaqlar evdə öyrəndikləri heç bir davranışı doğru və ya yanlış olaraq ayırmaya bilir, valideynlərinin öyrətdiklərini və onlardan gördüklərini doğru kimi qəbul edir və mənimsəyirlər.Sevgi ifadəsini dodaqdan öpmək kimi kodlaşdıran uşaq bu davranışını həmyaşıdları arasında, uşaq bağçasında və ya digər yerlərdə sevdiklərinə qarşı tətbiq etmək, onları dodaqlarından öpmək istəyə bilər.
Klinik Psixoloq Mərvə Qırna bu davranışın uşağın cinsi həyatına mənfi təsir etdiyini bildirib:“Qız uşağını öpən ata, oğlan uşağını dodaqlarından öpən ana ailədə rol qarışıqlığına səbəb ola, sonrakı yaşlarda evlilik və cinsi həyatda problemlər yarada bilər. Atanın oğlunu, ananın isə qızını dodaqlarından öpməsi sonrakı həyatda cinsi oriyentasiyada fərqliliklərə və cinsi kimlik qarışıqlığına səbəb ola bilər".

Psixoloq Fərqanə Mehmanqızı da “Sherg.az”a açıqlamasında uşaqları dodaqdan öpməyin psixoloji cəhətdən doğru olmadığını deyib: 

"Olar-olmaz deyə bir şey var. Uşaqları dodaqdan öpərsək, bir müddət sonra bu onlara adi gələ bilər. Bu olarlar-olmazların yetişən vaxtı artıq bu ona adi hal kimi gəlməyə başlayır. Necə ki, valideyn onu öpəndə bu ona adi gəlir, sabah bir başqası öpəndə də adi görünəcək. Biz həmin vaxt ona deyə bilmərik "yox başqası səni öpə, toxuna bilməz". Çünki, o bunu artıq belə qəbul edib.Hər bir insanın özəl nöqtələri olduğu kimi uşaqlarında özəl nöqtələri var. Bu onların boynu, dodaqları kimi yerlərdir. Bunları öpmək uşaqların özəl, intim yerlərinə toxunmaq deməkdir. Bu məsələdə ikinci əsas faktor isə uşaqlarda "insest"ə meyilliliyin yaranmasına gətirib çıxara bilər. Biz uşaqlarımızı sevə, öpə, qayğı göstər bilərik, amma bunun üçün onların dodağından öpməyə ehtiyac yoxdur. Bu məsələnin psixoloji cəhətləri gələcəkdə çox böyük ağır fəaadlar verə bilər".