“Narkotik istifadəçisi olan kişilər həyat yoldaşlarını, bəziləri isə məşuqələrini narkotik vasitə aludəçisinə çevirməkdə maraqlı olurlar”
BMT 26 İyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günündə yeni hesabatını dərc edib.
Təşkilatın saytında yer alan hesabatda dünyada müharibələr, iqlim fəlakətləri, sosial gərginliyin və qanunsuz miqrasiyanın miqyasının artması və məcburi köçkünlərin sayının 100 milyon nəfərə çatması fonunda narkobiznesin genişlənməsi faktı diqqətə çatdırılır.
Qeyd olunub ki, qanunsuz narkotik bazarları daha çox fəlakətlərə səbəb olur, sosial şəbəkələrdə kokainin tədarükü və narkotik vasitələrin satışının həcmi artır. Bununla yanaşı, sintetik narkotiklərdən istifadə halları da çoxalıb, dünyanın istənilən yerində ucuz və asanlıqla istehsal oluna bilər fentanil kimi ölümcül maddələr daha geniş yayılır.
Hazırda narkotik maddə istifadəsi pozğunluğu olan insanların yalnız 20 faizə yaxını müalicə alır və bir çoxları üçün səhiyyə xidməti tamamilə əlçatmazdır. Narkotik asılılığı olanların təxminən yarısı qadınlardır.
Hesabatda regionlar və ölkələrin təqdim etdikləri statistik məlumatlar yer alıb, hökumətlərin narkobizneslə mübarizə sahəsində gördükləri tədbirlər qeyd edilib.
Xatırladaq ki, narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT iyunun 26-sını Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanın dəyişən şəraitə və tələblərə uyğun olaraq təkmilləşdirilməsi Azərbaycan dövlətinin də əsas fəaliyyət istiqamətlərindən biridir.
Qeyd edək ki, narkomaniya problemi Azərbaycan cəmiyyəti və ictimaiyyəti üçün də çox ciddi bəladır. Ölkədə narkotik maddələrdən istifadə edənlərin sayı artan xətt üzrə inkişaf edir. Respublika boyunca həm dövlət orqanları, həm vətəndaş cəmiyyəti və ayrı-ayrı yerli təşkilatlar tərəfindən qabaqlayıcı tədbirlər görülsə də, real vəziyyət yenə də acınacaqlıdır. Həyata keçirilən müvafiq qabaqlayıcı tədbirlərin əksinə olaraq narkotik bəlasına mübtəla olanların sayı ildən-ilə artır.
Üstəlik, son illər narkomaniya həm qadınlaşır, həm gəncləşir, həm də uşaqlaşır. Narkomaniyaya aludə olan qadınların, uşaqların sayının artması gələcək genefondumuz üçün çox böyük təhlükədir.
Mütəxəssislər isə hesab edir ki, ölkəmizi, xüsusən də gənclərimizi bu bəladan xilas etmək üçün qanunvericiliyə əlavə və dəyişikliklər edilməli, narkomaniyaya qarşı mübarizə tədbirləri gücləndirilməldir. Eyni zamanda da narkomaniya ilə mübarizə üzrə maariflənməni daha da gücləndirmək lazımdır. Xüsusilə gənclərimiz maariflənməlidir ki, 10 il sonra ölkəmizdə vəziyyət daha təhlükəli hal almasın.
Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə ekspert Emil Maqalovun “Sherg.az"a açıqlamasına görə, narkomaniyaya qarşı mübarizənin 50 faizi müalicədən keçir:
“Narkotik ticarəti ilə məşğul olanların 60-70 faizi həm də narkotik istifadəçiləridir. İnsanlar birinci narkotik maddələrdən az miqdarda istifadə etməyə başlayır və getdikcə dozalarını artıraraq aludəçisinə çevrilir. Məsələn, bu gün 5 manatlıq qəbul edirsə, 3 gündən sonra artıraraq, 10 manatlığa keçir. Əvvəl qramın 10 yerə bölünmüş hissəsini əldə edirdisə, indi özü bir qram alır, 15 yerə bölüb satır. Belə olduğu təqdirdə həm sabaha pulu, ümidi olur, həm də dərmanı. Ona görə də ilk növbədə narkomanların liderlərini tapmaq lazımdır. Narkotik maddələrin satışı ilə məşğul olan insanlar arasından söz sahibi olanları aşkarlayıb, müalicəyə cəlb etmək və “lokma”dan çıxandan sonra onlardan istifadə etməklə digər şəxsləri də detoks etmək lazımdır. Çünki onların narkotiklə əlaqəlilərə çıxışı daha asan olur. Lakin Azərbaycanda narkoloji dispanserlərin sayının az olması onların müalicəyə cəlb edilməsi məsələsində çox ciddi çatışmazlıq yaradır. Narkodispanserlərdə yer sayı məhduddur. Yaxşı olar ki, əvvəlcə reabilitasiya mərkəzləri qurulsun. Ölkədə narkomanların keyfiyyətli müalicəsi təşkil edilsin. Narkodispanserlərdən sonra bunlar reabilitasiya edilməlidir. Çünki böyük əksəriyyəti müalicə alsalar da, bir müddət sonra yenidən narkotik maddələrdən istifadə etməyə başlayır. Mərkəzlər var, amma özəl sektordadır, bahalıdır və hər kəsin buna imkanı çatmır. Ona görə də dispanserdə müalicə alanların çox az hissəsi asılılıq vəziyyətindən çıxa bilir, qalanları yenidən narkotik istifadəçisinə çevrilir”.
Qadınları narkotik maddə aludəçisinə çevirən səbəblərə gəldikdə isə E.Maqalov qadınların narkomaniyaya qurşanmasının müxtəlif səbəbləri olduğunu deyib. Onun sözlərinə görə, qadınlar daha çox münasibətdə olduqları kişilərin təsiri ilə narkotik maddələrdən istifadə etməyə başlayırlar. Narkotik istifadəçisi olan kişilər həyat yoldaşlarını, bəziləri isə məşuqələrini narkotik vasitə aludəçisinə çevirməkdə maraqlı olurlar:
“Qadınlar arasında ölkəmizdə narkotik vasitələrə qurşananların sayının artmasının digər bir səbəbi də gözəllik salonlarında narkotik vasitələrin insanları arıqladan dərman kimi təbliğ olunmasıdır. Artıq çəkili olmasını özünə kompleks edən, buna görə depresiyaya düşən qadınlar da özlərinə inam yaratmaq üçün narkotik vasitələrdən istifadə edirlər. Təbii ki, cahil olduqlarından arıqlamaq naminə etdikləri bu hərəkətin cinayət olduğunu və ən əsası ölümə aparan yol olduğunun fərqinə belə varmırlar”.